Son zamanlar ən çox qeydə alınan zəhərlənmə hadisələrinin mənbələrindən biri də göbələkdir. Xaçmazda iki qadının göbələk zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi narahatlığı artırır.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan qida təhlükəsizliyi üzrə ekspert Asim Vəliyev bildirib ki, zəhərlənmələr xüsusilə diqqət edilməli və ciddiyə alınmalı olan bir məsələdir:
“Göbələklər təbiətdə çox yayılmış olsalar da, bəziləri zəhərli ola bilər. Satışda olan göbələklərin zəhərli və ya təhlükəsiz olduğunu anlamaq bəzi hallarda çətin olur. Bununla yanaşı, əsas nüanslara diqqət etməklə zəhərli göbələklərdən qorunmaq mümkündür. Göbələyi tanımadan yığmaq və ya almaq çox təhlükəlidir. Bazarlarda satılan, paketlənmiş və etiketlənmiş göbələklər adətən yoxlanılmış və təhlükəsiz olur”.
Ekspert şəxsi olaraq yığılan və ya qeyri-qanuni ticarətə daxil olan göbələklərin zəhərli olma ehtimalının daha yüksək olduğunu deyib:
“Təcrübəli olmayanlar bu fərqi asanlıqla müəyyən edə bilmədiklərindən zəhərlənmə halları baş verə bilir. Bu səbəbdən, göbələyi etibarlı mənbələrdən almaq çox vacibdir. Göbələk alarkən onun görünüşünü diqqətlə incələmək lazımdır. Təzə göbələklərin xarici görünüşü canlı və təravətli olmalıdır. Çürümüş, rəngi dəyişmiş, yumşaq və ya kəskin qoxulu göbələklər qətiyyən yemək üçün yararlı deyil. Göbələklərdə rəng dəyişikliyi, qaralması və ya kif əlamətləri varsa, onların köhnə və ya təhlükəli olma ehtimalı var. Təzə göbələklər nisbətən quru olmalı və əl ilə tutulduqda nəmli hiss edilməməlidir. Göbələyin səthi çox nəmli, yapışqan və ya sürüşkəndirsə, bu onun köhnə olduğunu və bakteriyaların çoxalma riskinin artdığını göstərə bilər. Bu cür göbələklərdən istifadə təhlükəlidir”.
Qida eksperti yabanı göbələk yığımı planlaşdırılan zaman zəhərli göbələklərlə bağlı məlumat yetərli deyilsə, bu sahədə mütəxəssis olan şəxslərdən məsləhət almağın vacibliyini qeyd edib:
“Onlar hansı göbələklərin təhlükəsiz olduğunu və hansılardan uzaq durmaq lazım olduğunu dəqiq bilirlər.
Satışda olan hazır, paketlənmiş göbələklərin son istifadə tarixinə diqqət yetirmək vacibdir. Tarixi keçmiş və ya son istifadə tarixinə çox az qalmış məhsullardan uzaq durmaq lazımdır, çünki onlar sağlamlığa ciddi ziyan vura bilər”.
A.Vəliyev zəhərlənmə əlamətlərinə də toxunub:
“Zəhərli göbələklərlə təmasdan sonra insan orqanizmində baş verən zəhərlənmə qısa müddət ərzində meydana çıxır və bu həyati təhlükəyə səbəb ola bilər. Göbələk zəhərlənməsi əlamətləri arasında qarın ağrısı, qusma, başgicəllənmə, mədə-bağırsaq narahatlığı, hətta nəfəs darlığı ola bilər. Bu simptomlar aşkar edilərsə, dərhal tibbi yardıma müraciət etmək lazımdır”.
Gülay Məmmədova