Səhiyyə

Uşaq zorakılığı bu günümüzdə geniş yayılmış problemlərdən biridir və təkcə fiziki şiddət deyil, duyğusal istismar, laqeydlik kimi müxtəlif formalarda özünü göstərir.

Mövzu ilə bağlı Crossmedia.az saytına açıqlama verən  Azərbaycan Tibb Universitetinin Uşaq Xəstəlikləri kafedrasının dosenti, həkim-pediatr Nigar Bayramova  uşaq zorakılığının diaqnozu və müalicəsindəki çətinliklərdən, erkən aşkarlanmasının vacibliyindən danışıb.

Nigar Bayramovanın sözlərinə görə, zorakılıq deyəndə çox vaxt fiziki zədələr, cinsi zorakılıq nəzərdə tutulur. Lakin duyğusal istismar və laqeydlik də uşaqların psixoloji inkişafına ciddi təsir göstərir. Həkimin sözlərinə görə, müayinələrdə ağzından tüpürcək axması, diş sıxma, iştahasızlıq və ya böyümə geriliyi kimi şikayətlərlə müraciət edən uşaqlarda bəzən istismar halları aşkar edilir.

Uşaq zorakılığı ilə mübarizədə ailə mərkəzli yanaşmanın vacibliyini vurğulayan Bayramova, valideynlərin övladları ilə aktiv ünsiyyət qurmasının əhəmiyyətini qeyd edib. "Uşaq yanında olarkən fiziki varlığı təmin etmək yetərli deyil; aktiv ünsiyyət çox vacibdir," deyən həkim, valideynlərə uşaqların yaşa uyğun müayinələrinə diqqət yetirməyi və ailə içində sağlam ünsiyyət qurmağı tövsiyə edir.

Müalicə zamanı uşaq nevroloqları, psixiatrlar və inkişaf pediatrlardan ibarət bir komandanın uşağın sağlamlıq durumunu kompleks şəkildə dəyərləndirdiyini bildirən Bayramova, uşağın fiziki, psixoloji və sosial ehtiyaclarını nəzərə alaraq fərdi müalicə planı tərtib edildiyini deyib. Bu yanaşma ilə gözdən qaçmış hallar da erkən aşkarlanaraq müalicə edilir.

Azərbaycan Pediatriya Cəmiyyətinin idarə heyətinin üzvü Nigar Bayramova, valideynlərə məsləhət olaraq aktiv ünsiyyətin və zamanında müayinələrin uşaqların istismar və zorakılıqdan qorunmasında ən təsirli addımlar olduğunu vurğulayıb.

Sevinc Abuşova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il