Ədəbi mühitdə yetərincə tanınan Fridrix Şiller anidən belə qərara gəlir ki, ortaya sanballı işlər qoymaq üçün müəyyən zamana ehtiyac var. Bunun müqabilində fəlsəfi biliyini bir az da inkişaf etdirir, müşahidələrini artırır. Bu zaman kəsiyində Alman ədəbiyyatının görkəmli simalarından olan Yohann Volfqanq Höte ilə məhsuldar və sarsılmaz dostluq münasibətləri qurulur. Beləliklə, Veymar klassisizmi adlanacaq dövrün əsası qoyulur. Nəticədə elə alman ədəbiyyatı, alman cəmiyyəti qazanır. Aradan iki əsrdən çox zaman keçib. Ancaq istedad sahiblərinin, yaradıcı adamların daxilindəki proseslər demək olar ki, dəyişməz olaraq qalıb və haradasa bir-birlərinə bənzəyir. Fikirlərimizin episentrində dayanan Səyavuş Əlizadə öz yaradıcı fəaliyyətinin zirvə məqamına "Xəzər" muzeyinin təsisilə çatdı. Muzey böyük bir xalqın milli-mənəvi dəyərlərini yaşatmaqla bərabər, həm də orada sərgilənən hər bir eksponat kimliyimizi bəlirləyir, bizi bizə göstərir. Bütün bunlar Azərbaycan təhsilinin inkişafında xidmətləri olan zəhmətkeş pedaqoq Sevda xanım Abdullayeva ilə Səyavuş Əlizadənin dostluğu, doğmalığı və yaradıcı fəaliyyətlərinin qarşılığında hasil olur. Və ölkəmizdə ilk dəfə Etno-Art stilli muzey mərkəzi yaradılır. Nəticədə, Azərbaycan mədəniyyəti, cəmiyyəti qazandı. Əziz oxucu, bu gün Sizə haqqında bəhs edəcəyimiz "Bakılı belə danışır — Bakı Ləhcəsi" kitabında unudulmaqda olan sözlərin ekzpozisiyası toplanmışdır. Söz gözlə görünməyən, ancaq milli duyğuyla ruhla, qanla, vicdanla duyulan məfhum olduğu üçün müəllifin zəhməti ağır, keçəcəyi yollar heç də göründüyü qədər hamar olmamışdır. Bu zaman ərzində Səyavuş Əlizadə öz qələmini külüng misalında yerə qoymadı, ərsəyə gətirəcək işin önündə Fərhad kimi dayandı. Ancaq o bir zamanlar bəlkə də qarşısında dayanan keçilməz qayanı Fərhad kimi külüngü ilə deyil, zaman-zaman topladığı sözlər su misalında mürur ilə əridib deşdi. Böyük Həsən bəy Zərdabinin "Əkinçi" qəzetinin birinci sayındakı fikirlərini özünə "yol xəritəsi" bildi: "...Belədə qəzet çıxarmaqdan bir qeyri-əlac yoxdur ki, kağızın üstündə yazılmış o doğru sözlər qapı-pəncərələrdən mənzilinə çata bilsin. Heç olmaz ki, doğru söz yerdə qalsın..." Biz Səyavuş Əlizadənin sözlə yoğrulmuş kitabını həm də böyük Həsən bəy Zərdabinin gələn ilə təsadüf edən 150 (yüz əlli) illiyinə mənəvi ərməğan hesab edirik. Fəqət Səyavuş qəzet deyil, yuxarıda adını çəkdiyimiz kitabı ərsəyə gətirdi. Xalq Yazıçımız Qılman İlkinin "gənc bir diyarşünas" adlandırdığı Səyavuş Əlizadə dahi Füzuli demiş, “qeyb niqabından rüxsarını göstər"ən və Tanrıdan gələn, elə Tanrıya ismarlanan, bir zamanlar xalq dilində işlək olub, sonradan "qeybə çəkilən" sözləri yenidən insanlara çatdırır, ərsəyə gətirəcək kitabına "yığırdı". Üstəlik də bu işi görə-görə coğrafi əraziyə aid abidələrin tarixini öyrənir, xalq sənətkarlığı nümunələrini toplayır, qoruyur, təbliğ edir və yaşadan kolleksiyaçı kimi çalışırdı. Kitabaqədərki mərhələ məsələyə fəlsəfi münasibətdən qaynaqlanırdı. Özünün də dediyi kimi, bu kitabın yaranmasında yaşadığı evin dörd divarından kənara çıxmayan, əlbət, dünyanın gedişindən xəbərdar olan başı örpəkli və uzaqgörən el ağbirçəyinin — Vəsilə Məsim qızı Qədəşovanın (ata nənəsi) zəhməti olub. Müəllif kitaba yazdığı "Söz ardı"nda gördüyü işlərlə həm də əməlinin, insanlığının üst-üstə düşdüyünü əsilzadəlik və halalzadəliklə göstərir. Ona bu işdə dəstək olan kənd camaatına ehtiram əlaməti olaraq Bakı kəndlərinin adlarını sadalayır. Lüğətin toplanmasında, redaktəsində xüsusi əməkləri olan Nəzakət Quliyeva, prof, Zeydulla Ağayev, Yusif Novruzov, Xalq yazıçısı Qılman İlkin, Ələviyyə Babayeva, prof. Rəfiqə Mustafayeva, prof. Fərahim Sadiqov, qəzəlxan Hacı Arif Buzovnalı, yazıçı İlqar Fəhmi, Sevda Abdullayeva və neçə-neçə milli-mənəvi dəyərlərə bağlı isimləri sadalamaqla sayğısını bildirir.
Düşünürük ki, ən böyük sayğı ünvanı elə müəllifin özüdür. Çünki o, dilimizdə itib-batmaq təhlükəsində olan unudulmuş xeyli sözləri ədəbiyyatçıların əsərlərindən, böyüklərin dilindən səslənən bayatılardan, məsəllərdən, canlı ünsiyyətdən əxz etmişdir. Səyavuş Əlizadənin sanballı jurnalist fəaliyyəti, elə eyni çəkidə olan müsahibələri, məqalələri ilə tanışıq. Müəllif sadəlik göstərərək "ədəbiyyatçı və ya dilçi deyiləm" söyləyir. Haqqında bəhs etdiyimiz kitabda isə müəllif ədəbiyyatçı kimi görünür. Xalqın ruhundan doğan sözləri toplamaqla ərsəyə gətirdiyi kitabı həm də ağız ədəbiyyatı nümunəsi hesab etmək olar. Unutmayaq ki, yüzlərlə klassiklərimizin günümüzə gəlib çıxmış əlyazmaları kitab halına düşməsində xəttatların, təzkirəçilərin, bu nümunələri yaddaşına həkk edən söz sərraflarının əvəzsiz və misilsiz xidmətləri olmuşdur. Bunların sayəsində bu gün ədəbiyyatımız zənginlik qazanmışdır. Daim qiymətli sözlər axtarışında olan böyük Salman Mümtaz hələ o zaman yazırdı ki, "ana dilimiz olduqca varlı və zəngindir. Yalnız çalışmaq, itmiş-batmış sözlərimizi aramaq və tapmaq gərəkdir. Bu baxımdan itib-batmaq təhlükəsi qarşısında olan yerli dialektdə işlənən sözlərin toplanıb lüğət kimi təqdim edilməsi istiqamətində aparılan işi davam etdirmək çox önəmli və qiymətlidir". Bu mənada haqqında söhbət açdığımız kitabın içliyində əlifba sırası ilə düzülən canlı, qədəmli ifadələrlə tanış olduqca ataların "Söz sözü gətirər" misalı yada düşür. Şirəsini eldən alan, dilin yonulan, arınan sözlər toplusu kitabda sehrli ornamentlərlə işlənən, kompozisiya qurumunu xatırladan rəsm əsəri, piktoqramlaşmış, simvollaşmış daş abidə təsiri bağışlayır. İlqar Fəhminin də dediyi kimi: "Yəqin ki, onilliklər sonra bu sözlərin çoxu artıq danışıqdan çıxandan sonra, onlar barədə məlumatı yalnız belə kitablardan əldə edəcəyik". Professor Zeydulla Ağayev qeyd edir ki, "...Səyavuş Əlizadənin səylə çalışmasını, dialektoloji materialı bilavasitə Bakı kəndlərini gəzərək, kənd əhalisinin danışığından topladığını və sistemləşdirdiyini qeyd etməmək düzgün olmazdı". Həqiqətən də kitab təcrübəli oxucuda nostalji hisslər oyatmaqla bərabər, hələ həyatı yeni anlayanlar üçün sirli-sehrlidir. O, bu sehri açmaq üçün oxuyacaq. Görəcək ki, "alaqapı" ifadəsi "böyük küçə qapısı" mənasındadır. Yəni, "ala" ifadəsinin özü "böyük" şəklindədir. Hətta "Kitabi Dədə-Qorqud" dastanında belə "ala dağ", "ala qalı" sözləri işlədilir. Sonuncu "ala qalı" "böyük xalı" mənasındadır. İnanırıq ki, dünyanın hansı dönümündəsə işlənən bu sözlər oxucuda qan yaddaşını oyadacaq. Onu kitaba bağlayacaq, dünəni yaşatmağa, qorumağa səsləyəcək...
Qərənfil Dünyamin qızı, Əməkdar jurnalist
Əsgər İsmayılov, BDU-nun Jurnalistika fakültəsinin məzunu