Bakıda su ehtiyatlarının idarə olunması və iqlim dəyişikliyi ilə mübarizədə yeni mərhələnin başlanğıcı olacaq Bakı Bəyannaməsi qəbul ediləcək. Bu barədə məlumatı jurnalistlərə BMT-nin Qlobal Müqaviləsinin baş direktorunun su mandatı üzrə rəhbəri Ceyson Morrison verib. Morrison iqlim dəyişikliyinə qarşı mübarizənin sürətinin yetərsiz olduğunu və mövcud hədəflərin yetərincə ambisiyalı olmadığını vurğulayıb. Bununla yanaşı, su ehtiyatlarının dayanıqlı idarə olunması və iqlim dəyişikliyinə uyğunlaşmanın əhəmiyyətini xüsusi qeyd edib.
Morrison bildirib ki, indiki strategiyalar və fəaliyyətlər iqlim dəyişikliklərinə qarşı effektiv deyil və hədəflərə nail olmaq üçün daha güclü səylərə ehtiyac var. O vurğulayıb ki, iqlim dəyişikliyinə uyğunlaşma və dayanıqlığın artırılması müasir dünyanın qarşısında duran əsas çağırışlardan biridir. Bu çərçivədə Bakı Bəyannaməsi su ehtiyatlarının idarə olunmasında dayanıqlılığı artırmaq məqsədilə mühüm bir sənəd kimi çıxış edəcək.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan Xəzər Universitetinin dosenti, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov, Bakı Su və İqlim Bəyannaməsinin qlobal səviyyədə əsas problemlərə diqqət çəkmək üçün əhəmiyyətli bir addım olduğunu bildirib. Bu sənədin əsas məqsədi quraqlıq, su çatışmazlığı, təbii resursların tükənməsi və transsərhəd su problemlərinə diqqət çəkmək və bu məsələlərin həlli üçün səmərəli idarəetmə modelləri yaratmaqdır.
Abbasov qeyd edib ki, sənədin müxtəlif ölkələr, təşkilatlar və maraqlı tərəflər tərəfindən imzalanması gözlənilir. Hələlik imzalayanların sayı barədə dəqiq məlumat olmasa da, Almaniya və ABŞ kimi aparıcı dövlətlərin təşəbbüsü dəstəkləyəcəyi gözlənilir. Bu isə beynəlxalq səviyyədə su problemlərinin həllinə marağın artmasına təkan verəcək.
Məlum olduğu kimi, qlobal miqyasda su çatışmazlığı, su ilə bağlı təbii fəlakətlər və çirklənmə kimi məsələlər ciddi problemlər yaratmaqdadır. Su mənbələrinin qorunması, səmərəli istifadəsi və dayanıqlı inkişaf modellərinin tətbiqi vacibdir. Bakı Bəyannaməsi, bu məsələlərin həllində beynəlxalq təşkilatlar və böyük dövlətlərin dəstəyini artırmaq üçün önəmli bir addım olaraq qiymətləndirilir. Sənədin qəbul olunması ilə milli, regional və qlobal səviyyədə müxtəlif layihələrin həyata keçirilməsi gözlənilir. Bu isə su ilə bağlı problemlərin həllinə əhəmiyyətli dərəcədə töhfə verəcək.
Nihat Tahirov