Gənclərin televiziya izləmə vərdişləri son illərdə əhəmiyyətli dərəcədə dəyişib. Əksəriyyətinin rəqəmsal platformalara yönəlməsi, ənənəvi medianın məzmununa olan marağın azalmasına səbəb olub. Bu dəyişiklik, həm də yeni nəslin fərqli məzmun və informasiya istehlakına üstünlük verməsi ilə izah olunur.
Mövzu ilə bağlı teletənqidçi Nəmənd Rüstəmov Crossmedia.az-ın suallarını cavablandırıb.
Gənc nəsil arasında teleradio proqramlarına marağı necə artırmaq olar?
-Dünyanın əksər ölkələrində aparılmış sosioloji sorğuların nəticələrinə görə, ortada gerçək bir fakt var ki, yaşı 17-25 olan gənclərin böyük əksəriyyəti televiyaya baxmır. Televiziyada yayımlanan hər hansı veriliş sonradan sosial şəbəkələrə yayıldıqda bununla bağlı məlumat ala bilirlər. Dolayı yolla başqa məlumatı etiraf etmiş oldum ki, televiziyaların böyük əksəriyyəti gənclərin diqqətini çəkmək baxımından sosial şəbəkələr-ə, TikTok-a, YouTube-a, Facebook-a, İnstagram-a məğlub olur. İlk növbədə bununla bağlı düşünmək lazımdır. Gənclərin marağını təmin etmək üçün onları maraqlandıran informasiyaları vermək lazımdır. Belə verilişləri hazırlamaqla bərabər, həmçinin onları gənclər üçün uyğun zamanda yerləşdirmək də önəmli məsələdir. Bu, mürəkkəb və böyük maliyyə istəyən bir işdir. Eyni zamanda asan iş deyil, amma gənc auditoriyanın diqqətini çəkmək üçün mütləqdir.
Yeni nəsil jurnalistlərin və teleradio peşəkarlarının yetişdirilməsi üçün hansı tədbirlər həyata keçirilir?
-Ölkəmizdə jurnalistika fakültələrinin sayı kifayət qədər azdır. Məhdud sayda universitetlərdə jurnalist ixtisası üzrə hazırlıqlar həyata keçirilir. Burada müxtəlif peşəkarlığa, elmi-nəzəri biliklərə malik pedaqoqlar, əməkdaşlar çalışırlar. Nəticədə əvvəlki illərlə müqayisədə, hazırlanan kadrların səviyyəsi həqiqətən ürəkaçandır. Fakültədə yaranmış elmi-pedoqoji baza, məsələn, tədris teleradiosunda yeniliklər, avadanlıqlar, oranın işi gənclərin, hazırlığı önəmlidir. Bu işin təşkili və idarə olunması biləvasitə fakültənin rəhbərliyi altında həyata keçirilir. Bu işə görə fakültə rəhbərliyinə təşəkkür etmək borcumuzdur.
Gələcəkdə Azərbaycan teleradio yayımında hansı texnoloji və məzmun yenilikləri gözlənilir?
-Hazırda televiziyada nəsillər problemi yaşanmaqdadır. Həm peşakar kadrlar, həm də hazırlanan kontentlə auditoriyanı cəlb etməklə bağlı, texnoloji məzmunlarda format dəyişikliyi baş verir. Yəni, televizor evdə əvvəlki funksionallığını bir cihaz kimi qoruyub saxlaya bilmir. Hətta yeni nəsil televiziorlarda sosial şəbəkələrə, internetə çıxış imkanı yaranır. Bu yeni zamanın gerçəkləridir. Televiziyalar bununla ayaqlaşmaq üçün bu yeniliklərlə hesablaşmalıdır. Auditoriyanı itirmək istəmirsə, bu məsələlərlə uzlaşmalıdır. Əks halda, istənilən televiziya məğlub olacaq. Televiziya menecerləri bunu nəzərə almağa məcbur və məhkumdurlar.
Samirə Kərimli