Mədəniyyət

COP29 günlərində qırğız mədəniyyəti və incəsənət ustaları Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsinin qonaqları oldular.

Qırğısıztanın Artist teatr truppasının nümayəndələrindən ibarət Abdılbas Maldıbayev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrının birgə layihəsi olan bu tamaşa iki il öncə “Qırğızıstan Tələbələri Yaşıl İqtisadiyyat Naminə”  İctimai Birliyin və ATƏT-in Bişkekdəki Program Ofisinin dəstəyi ilə ərsəyə gəlib.

Tamaşa təbiətin ən saf və harmonik səsləri ilə başlayır. Sonraki səhnədə rəqqasların hərəkətlərinin kəskin və sərt olması təbiətin harmoniyasının necə pozulduğunu və ekoloji problemləri simvolizə edir.. Aktyorlar təbiətin zərər görməsini təsvir edirlər. Bu vizual təsvirlər tamaşaçılara ekoloji problemlərin nə qədər ciddi olduğunu və onların təcili həllini vurğulayır. Musiqili tamaşa insanların emosional reaksiyasını təbii şəkildə oyadır. 
Tamaşada rəqs və musiqinin simvolizmi vasitəsilə ekologiya və təbii tarazılığın bərpası ilə mühüm məsələlər qaldırılıb. Rəqs və musiqi təbiətin ritmini əks etdirir. Təbiəti sevək və onun ritmini yenidən duyaq.  Hekayənin mərkəzində insanın ətraf mühitin çirklənməsinin və təbiətin fəsadları ilə mübarizə dayanır. Hər şeyə rəğmən bərpa yolu axtarılır və tapılır. Təbiətimizin gələcəyi üçün birlikdə çalışmaq daha yaşıl və sağlam bir dünya yaratmaq borcumuzdur.

Birinci Səhnə. Səs-küy və sükut.
İnsanlar səhnədə, sanki bir-biri ilə və ya ətrafdakı məkana fikir verməmiş kimi keçirlər. Hərəkətlərini dərk etmədən yerə nəsə atır və səs-küy salırlar. 
Səs-küy, şəhərlərimizdə və sənaye bölgələrimizdə həyatın bir hissəsidir. Bu səs-küy, yalnız narahatlıq yaratmaqla qalmır, həm də təbiətə zərər verir. 
Sükut isə tamamilə fərqli bir hekayə danışır. Sükut, təbiətin dərinliyində gizlənən harmoniyanı və sakitliyi əks etdirir. 

Tamaşada ağ rəngdə hamar addımlayan “Zaman” fiquru əks olunur. Hərəkətləri ləngidir, sanki bura aid deyil. Zaman hiss olunmur, o sadəcə olaraq mövcuddur. Dayandırılması mümkün olmayan sonsuz bir dövrə kimi mövcuddur. Zaman keçməsi ilə dünyamızda ekoloji problemlər də artır. Təbiətə zərər verən fəaliyyətimiz planetimizi geri dönməz bir formada dəyişdirib. Adəm övladı olaraq, bu problemləri anlamaq və həll yolları axtarmaq bizim borcumuzdur. Biz zamanla yarışırıq. 

Oyanış səhnəsində unudulub atılanlar yerindən tərpənməyə başlayır. İllər boyu yığılan zibillər canlanır. Zibil məxluqu əzəmətlə böyüyür və onu dünyaya gətirənləri idarə  etməyə başlayır. Ətraf mühitimizdə zibil və tullantıların yığılması nəticəsində yaranan problemli bir məxluq kimi təsvir edilir. Bu məxluq ətraf mühitə və insanlar üçün ciddi təhlükə yaradır. Məxluqun qarşısını almaq üçün təkrar emal tullantıların düzgün idarə edilməsi və ekoloji maarifləndirmə tədbirləri vacibdir.

Məhv olunma səhnəsində yeni dünyada çaşqınlıq içində olan insanlar anlayırlar ki, onlara nəzarət olunur. Onlar zibil məxluquna qarşı üsyan edirlər. Məhv prosesi qaçınılmazdır. Zibil dünyası ilə birlikdə onu yaradanlar da yox olur. 

Son səhnədə səhnə təmizlənir. Uzaqdan hardansa suyun səsi eşidilir. İncə gövdələr köhnə dünyanın qalıqlarını itələyərək yenidən cücərməyə başlayır. Final səhnəsində qələbənin deyil, təbiətin bərpasına şahid oluruq. Təbiət öz yolunu taparaq yenidən doğuş prosesinə başlayır. Səhnənin sonunda eşidilən suyun səsi, həyatın və yenidən doğuşun əlamətidir. Qışqırmadan, hay-küysüz, sükutla yenidən bərpası təbiətin incəliyini və gücünü göstərir.   Bu səs, həm də təbiətin sakitliyinin və bərpa prosesinin nə qədər zərif olduğunu xatırladır.

Əsərin əsas şüarı “Hər şeyə rəğmən bəşər övladının əsas amalı yaşıl planetin xilası və yenidən bərpası olmalıdır”.

Ey insan! Ey adəm övladı! Ayıl, sən dünyanın sonunu gətirirsən!

Samirə Şərif

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il