Mədəniyyət

Siyavuş Kəriminin doğum günü münasibətilə Milli Kitabxanada “Xalq artisti, professor Siyavuş Kərimi” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Crossmedia.az xəbər verir ki, Milli Kitabxanadan verilən məlumata görə, sərgidə Xalq artisti, professor Siyavuş Kəriminin həyatı, zəngin, dəyərli elmi və pedaqoji fəaliyyəti haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, tərtib və redaktə etdiyi, ön sözün müəllifi olduğu kitablar, not məcmuələri nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Qeyd edək ki, görkəmli bəstəkar, Xalq artisti, professor Siyavuş Kərimi 1954-cü il noyabrın 9-da Bakı şəhərində anadan olub. 1961-1969-cu illərdə Bakıda 159 sayılı tam orta məktəbdə təhsil alıb. 1969-1972-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin tar sinfini bitirib. Ustad musiqiçi Əhsən Dadaşovun tələbəsi olub. 1972-1977-ci illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etdirib. 1979-cu ildən başlayaraq Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının orkestrində solist musiqiçilərdən biri, “Azkonsert”, “Aşıqlar” qrupunun, “Cəngi” estrada-folklor ansamblının, Azərbaycan Televiziyası və Radiosunun estrada-simfonik orkestrinin musiqi rəhbəri, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının Rafiq Babayev adına musiqi studiyasında bədii rəhbər vəzifələrində çalışıb. Bu illərdə birgə çalışdığı Xalq artisti Rafiq Babayevlə yaxın dost olub və onun musiqisindən təsirlənib.

Uzun zaman Azərbaycanda milli musiqiçi kadrların hazırlanmasında xüsusi xidmətləri olan professor Siyavuş Kərimi Azərbaycan Milli Konservatoriyasının rektoru, “Populyar musiqi və caz ifaçılığı” kafedrasının professorudur.

Siyavuş Kərimi çox sayda musiqi əsərlərinin müəllifidir. Onu geniş xalq kütləsinə tanıdan lirik mahnılarıdır. O, bəstəkar və xalq mahnılarının gözəl və əsrarəngiz aranjimançısı kimi də məşhurdur.

Professor çox sayda teatr tamaşalarına yazdığı musiqisi ilə müasir Azərbaycan teatr sənətinin inkişafına öz töhfəsini verib. Bunlardan “Məlikməmməd”, “Kəpənəklər”, “Fərhad və Şirin”, “Afinalı Timon”, “Hekayəri Molla İbrahimxəlil Kimyagər”, “Sərgüzəşti-Mirzə Fətəli Axundzadə” və sair qeyd etmək olar. Onun bu sahədə fəaliyyəti 2000-ci illərin əvvəlindən başlayıb. 2003-cü ildə Akademik Milli Dram Teatrının səhnəsində qoyulan dahi ingilis dramaturqu V.Şekspirin “Hamlet” tamaşasına yazdığı musiqiyə görə "Qızıl Dərviş" mükafatına, “Kimyagər” tamaşasına görə isə 2013-cü ildə “Zirvə” mükafatına layiq görülüb.

S.Kəriminin bir bəstəkar kimi yaradıcılığında kino sənəti də mühüm yer tutur. Bəstəkarın yazdığı kino musiqisi müxtəlif janrlı və məzmunlu filmləri əhatə edib: sənədli filmlər, bədii filmlər, faciəvi, lirik, psixoloji filmlər, tarixi, vətənpərvərlik, məhəbbət, yumoristik mövzulu filmlər və sair. Bunlardan “Qaravəlli” (1989), “Qaravəlli-2” (1992), “Çalışan adam” (1996), “Son döyüş” (1996), “Sarı gəlin” (1998), “Heydər Əliyev” (1999-2013, 9 seriyalı), “Girov” (2005), “Əlvida, cənub şəhəri” (2006), “Kabusun gözüylə” (2010), “İlahi məxluq” (2011), “Dərvişin qeydləri” (2013) və sairlərinin adını çəkmək olar.

Professor çağdaş musiqi tariximizin beynəlxalq miqyaslı bir çox layihələrinin müəllifi kimi tanınır. 1997-ci ildə Azərbaycan-Norveç, 2002-ci ildə Azərbaycan-Cənubi Amerika musiqi layihələri onun rəhbərliyi altında uğurla gerçəkləşib. O, "Saz məktəbi" dərsliyinin həmmüəllifi, iki cilddən ibarət "Azərbaycan xalq mahnıları" toplusunun tərtibçisidir.

Siyavuş Kərimi 2014-cü ildə musiqi təhsili sahəsində səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə, 2020-ci ildə isə Azərbaycanda milli musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilib.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il