Avropa

ABŞ Prezidenti Co Baydenin Ukraynaya ATACMS raketlərini verərək Rusiyanın dövlət sərhədlərinə zərbələr endirməyə icazə verməsi, müasir geosiyasi vəziyyətdə mühüm bir addım kimi qiymətləndirilir. 300 kilometr məsafəyə zərbə endirmək qabiliyyətinə malik olan bu raketlər, Rusiyanın Bryansk, Kursk, Lipetsk, Voronej, Rostov-Don və Anapa bölgələrindəki təxminən 20 strateji obyektini, o cümlədən aerodromlar, neft emalı zavodları və digər mühüm hədəfləri təhlükə altına qoyur. Xüsusilə Kursk bölgəsində Şimali Koreyadan gətirilən silahlı qüvvələrə qarşı zərbələr planlaşdırılır. Bu addımın müharibənin gedişatına əhəmiyyətli təsir göstərə biləcəyi gözlənilir.

Mövzu üzrə Crossmedia.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov ABŞ-nin verdiyi bu icazənin sadə bir məsələ olmadığını vurğulayıb. Onun sözlərinə görə, rəsmi olaraq İngiltərə, Fransa və Amerika bu addımı təsdiqləməsə də, hərbi gücün tətbiqi artıq qaçınılmazdır: “Co Bayden Ukraynaya, Rusiyanın dövlət sərhədlərinə hücum etməyə icazə verir. Biz buna heç bir şübhə etmədən inanırıq. Ukrayna bu əmri mütləq yerinə yetirəcək”.

Cəfərov, Ukraynanın müstəqil bir dövlət olaraq öz paytaxtı Kiyevdən digər böyük şəhərlərinə qədər müvafiq addımlar atmağa davam edəcəyini qeyd edir: “Bu, qeyri-adi bir şey deyil. Ukrayna öz ərazisində hüquqi addımlar atacaq və buna heç kimin şübhəsi olmasın”.


Ekspert Rusiyanın dünya səhnəsində fövqəladə səlahiyyətləri olan bir dövlət olmadığını, əksinə, son illərdə müharibə və zorakılıqla gündəmə gələn bir dövlətə çevrildiyini bildirir. Rusiyanın müdafiə mexanizmləri və döyüş qabiliyyətləri ilə bağlı ciddi suallar var: “Rusiyanın ordusu, müharibə vəziyyətində Ukraynaya qarşı heç bir üstünlük qazana bilmir. Əgər Rusiya güclü olsaydı, Ukraynanı çoxdan nəzarət altına almış olardı. Lakin biz bunu görmədik və Rusiyanın ordusu bu müharibədə zəifdir”.


Rusiya ilə müharibənin artıq 3 ilinə yaxınlaşan bir zaman kəsiyində olduğunu xatırladan ekspert, müharibənin bu vaxta qədər davam etməsinin səbəblərini təhlil edir: “Rusiya müharibəni hədəflərinə çatana qədər davam etdirmək qərarındadır. Lakin bu, yalnız daha çox itkilərə və dağıntılara səbəb olacaq”.


Cəfərov, həmçinin Rusiyanın müttəfiqləri olan Çini və İranı da qeyd edir, çünki bu ölkələr Rusiya ilə hərbi və iqtisadi əlaqələrdə fəallıq göstərirlər. “Rusiya, Çindən və İrandan hərbi dəstək almağa çalışır, lakin bu dəstəyin çox az təsiri olacaq. İranın silah sənayesi zəif olsa da, müəyyən silahlar təmin edir, amma bu, müharibənin gedişatını dəyişdirməyəcək”.


Son olaraq, ekspert Rusiyanın gələcəkdə beynəlxalq aləmdə güc dilində danışmaq imkanının tamamilə məhdudlaşacağını bildirir: “Rusiya, artıq böyük bir çuxura düşüb və bu müharibənin sonu, mütləq onun cavablarını özündə tapması ilə nəticələnəcək. Amma bundan sonra heç bir halda o, dünya ilə zorla danışmaq imkanına sahib olmayacaq. Rusiya beynəlxalq normalara uyğun cavablar tapmalı və öz yerini müəyyən etməlidir”.


Maral Şahverdili

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il