Rusiya və Ukrayna müharibəsində vəziyyət gərginləşməyə davam edir. Rəsmi Kiyev müharibədəki vəziyyətini yaxşılaşdırmaq üçün yenidən cəhdlər etməkdədir. Bu cəhdlərdən biri də gündəmə gələn nüvə statusu məsələsidir. Ukrayna mediası yazır ki, Ukraynanın nüvə statusunun ehtimal olunan bərpası müxtəlif, o cümlədən Böyük Britaniya, Polşa və Baltikyanı ölkələrin iştirakı ilə subregional birliyin yaradılması kontekstində nəzərdən keçirilə bilər.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Sultan Zahidov Kiyevin rəsmi şəkildə nüvə dövləti statusunu əldə etməyəcəyini bildirib:
“Bir vaxtlar Ukrayna dünyanın üçüncü böyük nüvə gücü hesab olunurdu. Yəni Sovet İttifaqının təxminən 5000 nüvə başlıqlarının çoxu Ukraynada yerləşdirilmişdi. 1994-cü ildə ABŞ, Böyük Britaniya, Rusiya, Ukrayna, Qazaxıstan və Belarusiya arasında imzalanmış “Budapeşt memorandumu” ilə Ukraynadakı nüvə başlıqları Rusiyaya geri verildi. Bu da onun göstəricisidir ki, Qərb daha çox ölkənin nüvə silahına malik olmasında maraqlı deyil. Çünki nə qədər çox ölkə bu öldürücü silaha malik olarsa, dünyada nüvə müharibəsi təhlükəsi və bəşəriyyətin fəlakəti ehtimalı daha da artmış olacaq”.
S.Zahidov Qərbin Ukraynanın daha da güclənməsi üçün özünün taktiki nüvə silahlarını burada yerləşdirə biləcəyini güman edir:
“Bunu Rusiyaya qarşı atılan addım kimi qiymətləndirmək olar. Taktiki nüvə silahlarının da Ukraynada yerləşdirilməsi, sözsüz, iki ölkə arasındakı gərginliyi daha da artıracaq. Rusiyanın Belarusiyada artıq taktiki nüvə silahlarını yerləşdirməsi Qərbin Ukraynaya bu cür yardım etməsini şərtləndirə bilər. Yenə də həmin nüvə silahları üzərindəki nəzarət Qərbin əlində olacaq və nəzarətin Ukraynanın ixtiyarına veriləcəyini düşünmürəm. ABŞ-nin isə D.Trampın hakimiyyəti dövründə Ukraynaya taktiki nüvə silahları göndərəcəyi inandırıcı görünmür”.
Gülay Məmmədova