Avropa

Almaniyanın “İşıqfor” koalisiyası çərşənbə günü dağıldı. Bu barədə Crossmedia.az saytı Atlanticcouncil.org saytına istinadən xəbər verir. 

"Kansler Olaf Şoltz, maliyyə naziri Kristian Lindneri istefaya göndərdi və Sosial Demokrat Partiyası (SPD), Azad Demokratik Partiya (FDP) və Yaşıllardan ibarət koalisiyaya son qoydu. Şoltz açıqladı ki, hökumət gələn ilin yanvarında parlamentdən etimad səsverməsi tələb edəcək. Bu səsvermə yeni Bundestaq seçkilərini 2025-ci ilin mart ayına qədər təxirə sala bilər. Eyni zamanda, ifrat sağçı və ifrat solçu partiyalar Almaniyada populyarlıq qazanır. Koalisiya tərəfdaşlarının “tərəqqi” barədə ortaq baxışları yox idi. 2021-ci ildə bu koalisiya Avropanın ən böyük iqtisadiyyatında yeni bir ümid olaraq meydana çıxsa da, aradan keçən üç ildə Almaniyanı gözləyən problemlər bu üçtərəfli ittifaqı zəiflətdi. Almaniya iqtisadiyyatı durğunluq həddindədir və Beynəlxalq Valyuta Fondu ölkənin 2024-cü il üçün iqtisadi artımını sıfır olaraq qiymətləndirib. Belə bir şəraitdə hökumətin struktural problemləri həll etmə qabiliyyəti daha da məhdudlaşıb. Kristian Lindner ilə iqtisadiyyat naziri Robert Habeck arasında gedən rəqabət, fikir ayrılıqları və qınaqlar da koalisiyanın səmərəli fəaliyyət göstərməsinə mane oldu. Əsas dəyişiklik layihələri, məsələn, yaşıl enerjiyə keçid və Almaniyanın xarici siyasətində “Zeitenwende” (dönüş nöqtəsi) adlandırılan yenilənmə cəhdləri isə ya zəif icra edildi, ya da yenidən müzakirə olunaraq tıxanıqlığa səbəb oldu. Koalisiyanın əsas uğurlarından biri – Almaniyanın Rusiya qazından asılılığını sürətlə azaltmaq, Ukraynaya dəstək verən Avropa liderinə çevrilmək və NATO-nun şərq cinahında Alman briqadasını yerləşdirmək kimi addımları olsa da, bu nailiyyətlər lazımi dərəcədə tanıdılmadı. Büdcə kəsirləri və gəlirlərin azalması fonunda 2025-ci il üçün milyardlarla avroluq açığın necə doldurulacağı məsələsində yaranan münaqişələr də koalisiyanın çökməsinə səbəb oldu. Əsas olaraq isə, üç tərəfdaş Almaniyanın ciddi fiskal qaydalarına və borc əyləci tələblərinə baxmayaraq, yüksək səviyyəli qlobal iqtisadi və geosiyasi çağırışlarla mübarizə aparmaqda çətinlik çəkirdilər. Belə şəraitdə Berlindəki disfunksiya Brüsselə də təsir edərək Avropa İttifaqı çərçivəsində ortaq qərarların qəbulunu çətinləşdirdi. Almaniya daxilində və Avropa ilə əlaqələrində koalisiyanın çökməsi daha böyük siyasi aydınlıq ehtiyacını ortaya çıxarsa da, mövcud siyasi mühitdə bu istiqamətdə bir irəliləyişin olacağına dair ümidlər azdır. Borc əyləci və almanların bu məsələyə həssas yanaşmaları ölkənin gələcəyi üçün aparılacaq müzakirələrin əsas mövzularından biri ola bilər. Siyasi səhnədə sağdan Alternativ für Deutschland (AfD), soldan isə keçmiş kommunist siyasətçi Sahra Vagenknechtin partiyası millətçi, sosial və rusiyapərəst mövqelərlə önə çıxır. Bu zamanlarda sağ mərkəzçi Xristian Demokratlar (CDU) isə təxminən 33% səs payı ilə lider mövqedədir. Koalisiya tərəfdaşları isə seçkilərdə ciddi səs itirərək Lindnerin FDP partiyası hətta Bundestaqda qalmaq üçün tələb olunan 5% baryerinin altına düşdü. Hazırda keçirilən sorğular erkən seçkilərə xalqın cüzi dəstəyini göstərsə də, seçicilərin koalisiyanın çöküşündə iştirak edən tərəfləri necə qiymətləndirəcəyi bəlli deyil. Buna görə də, yeni bir koalisiyanın qurulması 2021-ci ildəki danışıqlar qədər çətin ola bilər. Sorğular CDU-nun SPD və ya Yaşıllarla böyük koalisiyaya getmək məcburiyyətində qalacağını göstərir. Yanvarda etimad səsverməsi keçirilsə və erkən seçkilər martda təyin edilsə, bu, Avropanın güclü bir dövləti olan Almaniya üçün yeni bir başlanğıc ola bilər. 


Jörn Fleck Atlantik Şurasının Avropa Mərkəzinin baş direktoru

Almaniyanın hakim koalisiyası, uzun müddət davam edən sabitliyinə baxmayaraq, keçən il ərzində güclə ayaqda dayanmış və nəhayət dağılıb. Bu qərar, 2025-ci il federal büdcəsi üçün son tarixə cəmi bir ay qalmış qəbul edildi. Üstəlik, ABŞ-da Donald Trampın yenidən prezident seçilməsi elan ediləndə koalisiyadakı bəzi üzvlər bu çətin vəziyyətin davam edə biləcəyinə ümid edirdilər. Maliyyə naziri Kristian Lindner, koalisiya tərəfdaşlarını qarşısına alaraq, onların narazılığına səbəb olan bir mövqe sənədi təqdim etdi. Bu sənəd, bir çoxları tərəfindən koalisiyadakı tərəfdaşları qəsdən narazı salmaq məqsədilə hazırlanan bir “boşanma sənədi” kimi dəyərləndirildi. Hökumət bu gərginliyi azaltmaq üçün, xüsusən də Habeck və Şoltz güzəştlərə getmək istəsə də, koalisiyanı bir yerdə saxlaya bilmədi. Lindnerin bu radikal addımı, partiyasının Bundestaqda qalması üçün lazım olan 5% səddi keçməsi məqsədilə atdığı “Makron səviyyəsində bir qumar” olaraq dəyərləndirilir. Bir çox almanlar və beynəlxalq müşahidəçilər artıq başa düşürlər ki, borc əyləci qüvvədə olduğu halda Almaniyanı tənəzzüldən çıxarmaq çox çətindir. Ancaq Almaniyada fiskal qaydaya dəstək yüksəkdir; bu ilin əvvəlində aparılan sorğuya əsasən, almanların 61%-i borc əyləcinin zəiflədilməsinə qarşıdır. Bununla yanaşı, SPD seçicilərinin 55%-i və Yaşılların seçicilərinin 67%-i borc əyləcinin islahatına dəstək verir ki, bu da daxili fikir ayrılıqlarını göstərir. FDP-nin mövqeyi isə borc əyləcinin dayandırılmasının siyasi və hüquqi risklər yaratmasıdır. Belə ki, ötən il konstitusiya məhkəmələri borc əyləcindən yayınma cəhdini bloklayıb. Hökumətdən ayrılan FDP, indi CDU ilə işləmək məcburiyyətində qala bilər. Üstəlik, batmış iqtisadiyyatı canlandırmaq üçün bütün tərəflər borc əyləcində islahata ehtiyac olduğu reallığı ilə üzləşməli olacaqlar. Bu hadisələr, 1960-cı illərdən bəri ilk üçpartiyalı koalisiyanın və Angela Merkelin on altı illik idarəçiliyindən sonra parçalanmış siyasi səhnənin bir əlaməti olaraq görülür. Almaniya, Avropanın sabitliyini qoruyan əsas qüvvə kimi qəbul olunsa da, bu hökumətin süqutu Avropanı yaxın gələcəkdə çaşqınlıqla üz-üzə qoya bilər. Buna baxmayaraq, Almaniya üçün yeni bir səhifə açmaq üçün bu bəlkə də ən yaxşı fürsətdir.

Karol Şeffer, Atlantik Şurasının Avropa Mərkəzinin baş əməkdaşı

Almaniya hazırda Avropanın ehtiyac duyduğu sabitliyi və gücü təmin etməkdən uzaqdır. Kansler Olaf Şoltz yanvarda etimad səsverməsi keçirəcəyini bildirib, bu da erkən seçkilərə yol aça bilər. Əgər belə olsa, yeni hökumətin may ayından əvvəl qurulması çətin görünür, çünki koalisiya danışıqları prosesi daha da uzada bilər. Almaniyanın daxili siyasi qarışıqlığı Avropa sabitliyinin vacib olduğu bir dövrdə böyük problemə çevrilir. ABŞ-da Donald Trampın yenidən prezident seçilməsi transatlantik əlaqələr və qlobal təhlükəsizlik üçün yeni qeyri-müəyyənliklər gətirir. Şoltzun hazırladığı büdcə planı sərt qışdan əvvəl Almaniyanın Ukraynaya dəstəyini gücləndirməyi və ABŞ seçkiləri sonrası müttəfiqlərə Almaniyanın etibarlı tərəfdaş olduğunu göstərməyi hədəfləyirdi. Ümid var idi ki, Trampın yenidən seçilməsi və transatlantik əməkdaşlığın gücləndirilməsinin vacibliyi koalisiya tərəfdaşlarını birləşdirəcək. Lakin hökumətin dağılması Almaniyanın Avropanın ehtiyac duyduğu vahid və güclü liderliyi təmin edə bilmədiyini göstərir. Daxili ixtilaflar 2024-cü ilin əlavə büdcəsi ilə bağlı razılaşmanı gecikdirdi, 2025-ci il büdcəsinə dair müzakirələr də bir o qədər problemli görünür. Şoltz isə bütün bu qeyri-müəyyənliklərə baxmayaraq, transatlantik əlaqələri gücləndirəcəyini və Avropa Birliyinə investisiya edəcəyini vəd edib. Lakin bu məqsədlərə çatmaq üçün Almaniyanın daxili ixtilaflardan azad, sabit bir hökumətə ehtiyacı var.

 Tereza Luetkefend, Atlantik Şurasının İrəli Müdafiə proqramında direktor köməkçisi".

Tərcümə etdi: Gülay Qəribova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il