Amerika

Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Telefon danışığında əsas müzakirə mövzusu Ukraynadakı vəziyyət olub. Söhbət zamanı Donald Tramp Vladimir Putini Ukraynada silahlı münaqişəni qızışdırmamağa çağırıb. Həmçinin qitədə sülhün əldə edilməsi müzakirə olunub və Tramp Ukraynadakı münaqişənin tez bir zamanda həlli üçün dialoqun davam etdirilməsinə maraqlı olduğunu bildirib.

"Vaşinqton Post" xəbər verir ki, Trampın Putinə zəng vuracağı barədə Ukrayna əvvəlcədən məlumatlandırılıb. Lakin Ukrayna XİN bu zəngdən xəbərlərinin olmadığını bildirib. Trampın Rusiya Ukrayna müharibəsinə münasibəti bitərəf xarakter daşıyır? Rusiya ilə ABŞ arasında münasibətlər hansı istiqamətdə davam edəcək? 

Mövzu ilə bağlı siyasi şərhçi Elçin Xalidbəyli Crossmedia.az-a açıqlamasında bildirib ki: “Tramp ilk prezidentliyi dövründə Vladimir Putinlə münasibətlərini ən yüksək səviyyəyə çatdırmışdı. Böyük ehtimalla bu münasibətlər ABŞ və Rusiya arasında münasibətlərin yaxşılaşmasında mühüm rol oynaya bilər. Həmçinin Tramp qeyd etmişdi ki, Rusiyanın qüruruna toxunmayan sülh sazişi imzalanmalıdır”.

Rusiya ilə ABŞ münasibətlərinin inkişafa doğru gedəcəyini qeyd edən Elçin Xalidbəyli Trampın Ukraynaya olan münasibətindən də danışıb. O qeyd edir ki; “Tramp bildirib ki, imzalanacaq sülh müqaviləsi Rusiyanın qüruruna toxunmamalıdır. Yəni Rusiyanın işğal etdiyi torpaqlar onda qalmaqla müqavilə imzalanmalıdır. Belə çıxır ki, Ukraynanın taleyi ABŞ nin hakimiyyətini düşündürmür. Heç Biden administrasiyası dövründə də düşündürmürdü. Müharibəni başlatmaqda ABŞ-nin məqsədi Rusiyanı zəiflətmək idi. Ancaq Trampın xarici siyasət anlayışı təmamilə fərqlidir. Ukrayna savaşı da təxminən belə yanaşma tərzinin hədəfinə çevrilib. Tramp hesab edir ki, nə Rusiyanın sıxışdırılmasına nə də Ukraynanın savaşmasına ehtiyac yoxdur. Tramp Ukraynanın maraqlarına zidd və ərazisinin böyük hissəsini itirə biləcəyi plan üzərində işləyir”.

Nəticə olaraq, Donald Trampın Rusiya-Ukrayna müharibəsinə yanaşması, əvvəlki administrasiyalarından fərqli bir kurs izləyir. Onun Ukrayna ilə bağlı fikirləri və sülhə yönələn təklifləri, xüsusilə Rusiyanın əraziyə dair maraqlarını nəzərə alan yanaşması, ABŞ və Rusiya arasındakı münasibətlərin gələcəyini təyin etmək baxımından əhəmiyyətlidir. Trampın xarici siyasətində prioritet, müharibənin daha da genişlənməsinin qarşısını almaq və Rusiya ilə münasibətləri normallaşdırmaqdır. Ancaq bu yanaşmanın Ukraynanın ərazi bütövlüyü və suverenliyi baxımından necə qəbul ediləcəyi, gələcəkdə daha geniş beynəlxalq müzakirələrə səbəb ola bilər. Trampın bu məsələyə qeyri-adi yanaşması, həm Rusiya, həm də dünya siyasətində yeni və bəlkə də çətin sınaqlara yol açacaq. Bu, həm də ABŞ-ın gələcək xarici siyasət strategiyasının necə formalaşacağını və dünya siyasətində necə bir mövqe tutacağını göstərəcək.

Ayhan Ağarzayev

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il