Dünya mediasının diqqət mərkəzində saxladığı ABŞ-dəki prezident seçkilərinin nəticələri dövlətlər arasındakı siyasi proseslərə öz təsirini göstərməyə davam edir. Amerika prezident seçkilərində respublikaçı Donald Trampın qələbəsindən sonra Qərb maliyyə sahəsində Rusiyaya qarşı sanksiyaların ləğvi imkanlarını aktiv şəkildə müzakirə etməyə başlayıb. Donald Trampın prezidentliyindən sonra Qərbin Rusiyaya qarşı maliyyə sanksiyalarını ləğv etmə ehtimalı beynəlxalq maliyyə nizamında və Rusiya-Qərb münasibətlərində hansı dəyişikliklərə gətirib çıxara bilər?
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Donald Trampın birinci prezidentliyi dövründən əvvəl biznes sahəsində təmsil olunarkən, Rusiya ilə münasibətləri olduqca yaxşı olub:
“Ümumiyyətlə, Tramp bundan əvvəlki prezidentliyi dövründə də ABŞ və Rusiya arasındakı münasibətləri pisləşdirməyib. Məhz bu xüsusiyyətlərinə görə Donald Trampın qələbəsi demokratlara nisbətdə Rusiya tərəfindən daha çox istənilirdi. Respublikaçıların hakimiyyəti dövrü, xüsusilə Trampın birinci prezidentliyi dövründə Amerika və Rusiya arasındakı münasibətlər gərginləşməyib. ABŞ-nin yeni prezidenti Tramp ilk açıqlamalarında da bəyan edib ki, onun hakimiyyəti dövründə Amerikanın xarici siyasət kursunda müəyyən korrektələr ediləcək”.
Politoloq Trampın ABŞ-yə daxil olan məhsulların vergilərini artırmaq istəyindən də söz açıb:
“Çin şirkətləri və ABŞ-yə ixracla məşğul olan Çin kapitalına qarşı məhz bu cür addımların atılacağı gözlənilir. Trampın Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək qərarı verəcəyini düşünmürəm. Diqqət etməli olduğumuz məqam ondan ibarətdir ki, hansısa şəxslər ABŞ-Rusiya münasibətlərini kökündən müsbətə doğru dəyişmək iqtidarında deyil. Təbii ki, müəyyən dəyişikliklər ola bilər, lakin ABŞ və Rusiya arasındakı qütbləşmənin dərinliyini də nəzərə alsaq, kiminsə prezident seçilməsinin münasibətlərə təsir göstərəcəyini söyləmək çətindir. Trampın qələbəsindən sonra ABŞ-Rusiya münasibətlərindəki gərginləşmənin pik həddə çatmayacağını, eyni zamanda da problemlərin mövcud olmağa davam edəcəyini düşünürəm”.
Gülay Məmmədova