Media və QHT

Jurnalistlərin hüquqi və sosial təminatlarının artırılması istiqamətində mühüm addım atılır. Milli Məclisə təqdim edilən yeni qanun təklifi qəbul edilərsə, 2025-ci ilin yanvar ayının 1-dən etibarən jurnalistlərin sosial rifahına yönəlmiş dəyişikliklər qüvvəyə minəcək. Bu təşəbbüs, xüsusilə kiçik redaksiyalar, əmək müqaviləsi olmadan çalışan jurnalistlər və azad fəaliyyət göstərən media nümayəndələri üçün yeni imkanlar yaradacaq.

Təklif olunan dəyişikliklər həmçinin jurnalistlərin hüquqi vəziyyətini tənzimləmək, iqtisadi azadlıqlarını gücləndirmək və onların daha şəffaf şəkildə fəaliyyət göstərmələrinə dəstək olmaq məqsədi daşıyır. Əsas məqsəd, bu sahədə çalışan şəxslərin daha dayanıqlı gələcək qurması üçün hüquqi və sosial bazanı möhkəmləndirməkdir.

Məsələylə bağlı BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, əməkdar jurnalist, professor Qulu Məhərrəmlinin Crossmedia.az-a verdiyi açıqlamaya görə, bu addım Azərbaycanın media sektorunun inkişafı üçün mühüm əhəmiyyət kəsb edir: “Dünyanın bir çox ölkəsində media, xüsusilə də qəzetlər, əsasən vergidən azaddır. Bu, daha çox qəzetlərin müstəqilliyinin, xüsusilə iqtisadi müstəqilliyinin təmin olunması məqsədilə həyata keçirilir. Azərbaycanda belə bir addımın atılması və bunun qanun layihəsi ilə nəzərdə tutulması çox müsbət bir tendensiyadır".

Qulu Məhərrəmli, bu qanunun qəbulunun həm dövlət dəstəyi, həm də medianın inkişafı baxımından mühüm bir addım olduğunu bildirib:“Bu, ilk növbədə, mediyaya dövlət qayğısını göstərir. İkinci olaraq, mediyanın iqtisadi müstəqilliyinə ciddi dəstəkdir. Üçüncüsü, jurnalistlərin maddi rifahının müəyyən qədər yaxşılaşdırılmasına yönəlmiş bir addımdır”.

Professor əlavə edib ki, belə bir qanunun qəbul edilməsi media sahəsinin iqtisadi müstəqilliyinin təmin olunmasında dönüş nöqtəsi ola bilər: “Biz bu təşəbbüsü dəstəkləyirik və belə bir qanunun qəbulunu medianın iqtisadi baxımdan müstəqil olması yolunda çox ciddi bir addım kimi qiymətləndiririk".

Mövzu ilə bağlı Crossmedia.az-a açqıalama verən BDU-nun Jurnalistika jakültəsinin müəllimi, media eksperti Nəmənd Rüstəmov təklifin əhəmiyyətini belə izah edib: “Təbii ki, bu, çox sevindirici bir addımdır. Jurnalistlər tam əmin ola bilərlər ki, bu dəyişikliklər onların sosial və iqtisadi vəziyyətinə müsbət təsir göstərəcək. Hazırda jurnalistlərin böyük əksəriyyəti əmək müqaviləsi olmadan fəaliyyət göstərir, xüsusilə kiçik redaksiyalar jurnalistlərlə normal əmək müqaviləsi bağlamaqda çətinlik çəkirlər. Təklif olunan hüquqi mexanizmlər həm kiçik redaksiyalara dəstək verəcək, həm də jurnalistlərin iş şəraitini daha motivasiyaedici edəcək".

Nəmənd Rüstəmov, həmçinin ipoteka mexanizminin dəyişdirilməsi ilə bağlı vacib məqamlara diqqət çəkib: “2023-cü ildə ipoteka fonduna edilən dəyişikliklərlə jurnalistlər güzəştli mənzil əldə edə bilən kateqoriyaya daxil edilmişdi. MEDİA Agentliyinin təqdimatı əsasında bu güzəştlər yalnız hazırda jurnalist fəaliyyəti ilə məşğul olanlara deyil, keçmiş jurnalistlərə də tətbiq olunur. Bu, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması və iqtisadi sabitliyin təmin olunması baxımından çox vacib bir addımdır. Bu mexanizm, xüsusilə, onların ailə-məişət şəraitinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq”.

Ekspertin sözlərinə görə, bu dəyişikliklər Azərbaycan üzrə təxminən 45-50 min nəfər jurnalistin həyatına müsbət təsir edəcək. Jurnalistlərin iqtisadi sabitliyinin artırılması onların daha inamlı şəkildə fəaliyyət göstərməsinə və gələcək planlarında daha geniş perspektivlər qurmasına imkan yaradacaq.

“İnsanların iqtisadi sabitliyi təmin olunduqda, onların həyatında yeni üfüqlər açılır, arzularında və gələcəyə baxışlarında dəyişikliklər yaranır. Bu dəyişikliklər jurnalist peşəsini seçən gənclərin də gələcək həyatını daha dayanıqlı şəkildə qurmasına kömək edəcək,” – deyə Rüstəmov bildirib.
Təklifdə jurnalistlərin hüquqi statusunun möhkəmləndirilməsi, onların qanun qarşısında dürüst və şəffaf fəaliyyət göstərməsi üçün yeni mexanizmlər təklif olunur. Bundan əlavə, icbari öhdəliklərin azaldılması və dövlətin digər xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi prioritet kimi müəyyən olunub.Təklif edilən dəyişikliklər, jurnalistlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində atılan böyük bir addımdır. Bu qanun həm jurnalistlərin sosial rifahını artıracaq, həm də media sahəsindəki hüquqi və iqtisadi şəraiti daha dayanıqlı hala gətirəcək. Eyni zamanda, bu addımlar jurnalist peşəsinə marağın artmasına və onların gələcəkdə daha təhlükəsiz və təminatlı fəaliyyət göstərməsinə şərait yaradacaq.

Maral Şahverdili

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az
            crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il