Media və QHT

İnformasiya gücdür, xüsusən də insanların əksəriyyətinin məlumatı asanlıqla yaydığı bir dövrdə. Günümüzdə cəbhədə qalib gələn dövlətlər belə informasiya müharibəsində məğlubiyyətə uğrayır. Biz informasiya müharibəsi ilə 44 günlük Vətən müharibəsində tanış olduq. İctimai asayişi pozmaq, əhalinin arasında narahatlıq yaratmaq məqsədilə dəfələrlə, istər yerli, istərsə də xarici media qurumlarında saxta xəbərlər yayıldı. Azərbaycan media qurumları və jurnalistləri bu saxta xəbərlərin əksəriyyətinin əsassız olduğunu sübut edərək aşkara çıxardılar. Aşkara çıxarmaqla bərabər, çox yaxşı bir dərs də çıxardıq ki, insanların dezinformasiya ilə informasiyanı ayırd edə bilmədiyi və media qurumlarının da bundan xeyrinə istifadə etdiyini unutmamalıyıq.

Yayılan saxta xəbərlərə misal olaraq 2020-ci ilin oktyabrında Rusiyanın məşhur teleaparıcısı Vladimir Solovyovun YouTube kanalında yayımladığı "Tam əlaqə" (Polnıy Kontakt) proqramını göstərə bilərik. O, ArmA3 kompyuter oyununun kadrlarını Ermənistan-Azərbaycan döyüş əməliyyatları zonasından sənədli video kimi təqdim etmişdi. Solovyov qeyd etmişdi ki, "Bu, göründüyü kimi, təyyarəni vurmağa çalışarkən çəkilən hərbi hava döyüşünün fraqmentləridir. Videoya baxdığınız zaman döyüşü 'Ulduz müharibələri'nə bənzəyir, bir növ gözəllik kimi qəbul edirsiniz. Başa düşmürsünüz ki, bax, belə görüntünün arxasında insan həyatı dayanır. Əslində, dəhşətlidir - Rusiya sərhədindən 80 km məsafədə müharibə gedir".

Yerli media orqanlarında da saxta xəbərlərə rast gəlirik. Məsələn, xanəndə Aygün Bəylərin vəfatı ilə bağlı yayılan xəbərlər iki dəfə ortaya çıxmışdı. Həmçinin, deputat Qənirə Paşayevanın da vəfat etmədiyi halda vəfat xəbəri yayılmışdı. Daha sonra Qənirə xanımın əmisi Qəzənfər Paşayev, Qənirə Paşayevanın vəziyyətinin stabil olduğunu və yayılan xəbərlərin gerçəyi əks etdirmədiyini bildirmişdi.

Dezinformasiya, günümüzün ən aktual problemlərindən biridir. Sosial media isə dezinformasiyanın ən çox yayıldığı platformadır. Sosial şəbəkələrdə olan bəzi xəbər portalları, hansısa siyasi manipulyasiya, reytinq yaxud ictimai narahatlıq yaratmaq üçün saxta xəbərlərdən istifadə edirlər. Sosial Tədqiqatlar Mərkəzinin apardığı sorğuya əsasən, insanların 55,7%-i gündəlik xəbərləri sosial mediadan əldə edir və 47,7%-i saxta xəbərləri seçə bilmir. Bu da müəyyən məqsədlə saxta xəbər yayan platformaların işini asanlaşdırır.

Dezinformasiya ilə mübarizə üçün auditoriyanın savadlanmasına ehtiyac var. Bu gün dezinformasiyaya qarşı mübarizədə fakt-checking (fakt yoxlama) təcrübəsi var. Bu təcrübə, sosial şəbəkə və ya hansısa saytda yayılan saxta xəbərləri aşkar edərək qarşısını alır. Bu prosesdə müəyyən edilən iddiaların, xəbərlərin və ya məlumatların mənbələri araşdırılır, faktlarla müqayisə edilir və yanlışlıq, dezinformasiya aşkar edilərsə, bu məlumatlar təkzib olunur. Fakt-checking prosesi bəzi qurumlar tərəfindən həyata keçirilir ki, bunlara media orqanları, fakt yoxlama təşkilatları, sosial media təşkilatları və fakt yoxlama tədqiqatçıları daxildir. Həmçinin, bu sahədə fəaliyyət göstərən xüsusi qurumlar da mövcuddur: PolitiFact (ABŞ), Snopes (ABŞ), Factcheck.org (ABŞ), Full Fact (Böyük Britaniya).

Saxta xəbərlərdə insanları manipulyasiya edən faktorlarda mövcuddur. İnsanlar buna görə xəbəri ötəri oxuduqda inanırlar. Bunun aradan qaldırılması üçün fakt-checking yetərli deyil. Auditoriyanın savadlanması vacibdir. Media ilə kontaktın azaldılması, emosiyaların idarə edilməsi bizə kömək ola bilər. Media ilə kontaktın azaldılması dedikdə, nəzərdə tutduğumuz odur ki, "Gündəlik informasiya bir çox məlumat mənbələrində eyni cür təqdim olunur. Eyni gündəmi çoxsaylı internet-portallarından, müxtəlif telekanallardan izləməyin mənası yoxdur. Məlumatı aldıqdan sonra onu müstəqil şəkildə analiz etmək, hadisənin keçmişi də daxil olmaqla, bir sıra dəqiqləşdirmələr aparmaq daha faydalıdır. Ancaq bundan sonra medianın nəyi necə təqdim etdiyini izləmək olar".

Ayhan Ağarzayev

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az
            crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il