Media və QHT

Dövrün informasiya mübadiləsi əsasən sosial şəbəkələr vasitəsi ilə aparılır. Sosial şəbəkələrdə ən çox rast gəlinən problemlərdən biri isə dezinformasiyalardır. İstifadəçilər xəbərin mahiyyətini anlamadan və doğruluğuna əmin olmadan xəbərləri paylaşırlar. Bu da insanlar arasında çox zaman təşvişə səbəb olur.
 
Mövzu ilə bağlı Report Media Məktəbinin rəhbəri, media eksperti İsmayıl Rafiqoğlu Crossmedia.az-a danışıb. O bildirib ki, yalana maraq olmasa, onu paylaşan da olmaz:

“İnternet və sosial şəbəkədə yayılan yalan xəbərlərin ümumi həcmini təsəvvür etmək çox çətindir. Hər gün minlərlə feyk yaradılır, milyonlarla informasiya resursu, ya da fərdi şəxslər bu informasiyanı ən müxtəlif platformalarda yaymaqla yalan məlumatın həcmini artırırlar. “Yalan ayaq tutar, amma yeriməz” atalar sözü bu gün bir növ aktuallığını itirib. 
Yalan xəbərlərin bu qədər çoxalmasının siyasi, iqtisadi, psixoloji səbəbləri var. Hər paylanan yalana rast gələndə, özümüzə “bunun paylaşılmasında kim maraqlıdır” sualını verməliyik. Yalana maraq olmasa, onu paylaşan da olmaz. Mətbuatdan əlavə minlərlə bloqçu ən müxtəlif platformalarda xəbər yaymaqla məşğuldur. Hərə bir məhsulu reklam edir deyə, buna uyğun da bir kontent uydurur. Ən ziyanlı məhsulları belə tam başqa bucaq altında göstərmək adiləşib. Bir başqası özünü gündəmə gətirmək, populyar olmaq istəyi ilə hər cür mənasız, yalan xəbər paylaşımına hazırdır. Özünə uyğun da auditoriya formalaşdırır, onlar da həmin insanın yalanını tirajlayırlar".

İsmayıl Rafiqoğlu qeyd edib ki, ölkədə insanlar əsasən reallıqla yaşamır, yalan xəbəri doğru qəbul etməyə hazır olurlar:

“Nə qədər qəribə səslənsə də, ölkə əhalisinin böyük bir hissəsi mövcud olmayan bir reallıqda yaşayır. Serialları, bədii filmləri bolluca izləyən vətəndaşlar real həyatda da bu cür yaşamağa çalışırlar. Belə insanlar sosial şəbəkədə rastlaşdıqları istənilən yalan xəbəri doğru kimi qəbul etməyə hazırdırlar. Zəngin həyat, uzaq, ekzotik ölkələr barədə yalan məlumatı “həzm” edənlər, çox asanlıqla real həyatda qazandıqlarını itirməyə hazır olurlar. Məsələn, “3 uşaq anası qonşu kişiyə qoşulub qaçdı” kimi xəbərlərə tez-tez rast gəlirik. Səbəb də aydındır.   Beynində gözəl və zəngin həyatın virtual modelini quran bir xanım bəzən nə etdiyini tam dərk edə bilmir, ona yalandan vəd verən birisinə qoşulmaqla ailəsini tərk edib macəra axtarışına çıxır".

Həmsöhbətimiz bildirib ki, xəbərlərin feyk olduğunu media sahəsində çalışan şəxslər anlasa da, adi vətəndaş üçün bu çətindir:

“Yalan xəbərlər Aznetdə böyük həcmdə paylaşılır. Onları bəzən aşkarlamaq belə olduqca böyük güc-qüvvə tələb edir. Feyk xəbərlərin qarşısını almaq olarmı? Sualın birmənalı cavabı yoxdur. İnformasiya sahəsində çalışan şəxslər yalanı doğrudan daha rahatlıqla ayıra bilirlər. İllərin təcrübəsi buna imkan verir. Adi vətəndaş üçün bunu etmək çətindir, çünki hər məsələ ilə bağlı baş sındırmağa nə zaman var, nə də istək".

İsmayıl Rafiqoğlu sonda əlavə edib ki, yalan xəbərləri anlamaq üçün ən doğru çıxış yolu əhalinin media savadlılığının artırılmasıdır:

"Yalan xəbərləri aşkarlamaq peşəkarların işidir. Vətəndaş da bu məsələdə aktiv deyil.  Hansısa siyasətçinin yalan danışması, ya da şirkətin reklam xarakterli materialda doğru olmayan məlumat verməsi də bir çoxunu maraqlandırmır. Əhalinin media savadlılığının artırılması, əslində ən doğru çıxış yoludur. Orta məktəbdə, ali təhsil ocaqlarında sosial şəbəkədə məlumatla davranmağın yolları tədris edilərsə, bu sahədə xeyli irəliləyişə nail ola bilərik”.

Saida Ramazanovi

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az
            crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il