Məkkə sazişi ilk addım oldu: Azərbaycanın iştirakı ilə yeni geosiyasi həlqə formalaşır- MÜSAHİBƏ
Məkkədə Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında Birgə Müdafiə Sazişinin imzalanması regional təhlükəsizlik baxımından mühüm hadisədir. Saziş tərəflərdən birinə qarşı silahlı hücumun hər üç ölkəyə qarşı edilmiş hücum hesab olunmasını nəzərdə tutur. Sənəd hərbi təlimlərdən müdafiə sənayesinə, pilotsuz sistemlərdən elektron müharibəyə qədər geniş əməkdaşlıq imkanları yaradır. Ankara isə bu razılaşmanın NATO-ya alternativ və ya rəqib olmadığını, mövcud beynəlxalq təhlükəsizlik arxitekturasını tamamladığını bildirir. Bununla belə, Məkkə Sazişinin əhəmiyyətini yalnız hərbi müstəvidə qiymətləndirmək düzgün olmazdı. Saziş Türkiyənin uzun illərə söykənən regional sülh, qarşılıqlı təhlükəsizlik və iqtisadi əməkdaşlıq siyasətinin yeni halqası kimi də nəzərdən keçirilə bilər. Çünki Türkiyənin Sadabad Paktından D-8-ə və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına qədər uzanan mühüm regional əməkdaşlıq təcrübəsi var. Bütün bunlar Məkkə Sazişinin arxasında yalnız bugünkü geosiyasəti deyil, Türkiyənin regional əməkdaşlıq sahəsindəki tarixi təcrübəsini də görməyə imkan verir.

Türkiyəli politoloq Ferhat Aznevi Məkkə sazişinin əhəmiyyəti və regional mümkün təsirləri barədə Crossmedia.az-ın suallarını cavablandırıb:
— Məkkə Sazişini Türkiyənin uzun illərə söykənən regional siyasətinin davamı hesab etmək olarmı?
— Əslində, Məkkə Sazişinin ideya köklərini daha geriyə götürmək mümkündür. 1937-ci ildə Türkiyənin təşəbbüsü ilə Türkiyə, İran, İraq və Əfqanıstan arasında Sadabad Paktı imzalandı. Bu anlaşmanın əsasını hücum etməmək, sərhədlərin toxunulmazlığına hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri təşkil edirdi.
1955-ci ildə isə Türkiyə, İran, İraq və Pakistanın daxil olduğu Bağdad Paktı yaradıldı. Dövrün Soyuq müharibə şərtlərinə görə bu paktın təhlükəsizlik aspekti daha qabarıq idi.
Türkiyənin regional əməkdaşlıq anlayışı yalnız hərbi təhlükəsizliklə də məhdudlaşmadı. 1960-cı illərdə Türkiyə, İran və Pakistan arasında iqtisadi əməkdaşlıq mexanizmi yaradıldı. Bunun davamında ortaya çıxan regional əməkdaşlıq anlayışı sonradan İqtisadi Əməkdaşlıq Təşkilatına qədər uzandı.
1997-ci ildə isə Türkiyənin dəvəti ilə İstanbulda D-8 təşkilatı yaradıldı. İran, Pakistan, Misir, İndoneziya, Malayziya, Banqladeş və Nigeriya ilə birlikdə yaradılan D-8-in məqsədi hərbi ittifaq deyil, iqtisadi və ticari əməkdaşlıq yolu ilə inkişaf etməkdə olan böyük müsəlman ölkələrinin dünya iqtisadiyyatındakı çəkisini artırmaq idi.
— Türkiyənin regional əməkdaşlıq siyasətində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının hansı yeri var?
— Türkiyənin bu sülhsevər ənənəsinin, bəlkə də, ən diqqətçəkən nümunələrindən biri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatıdır.
Türkiyənin öncüllüyü ilə 25 iyun 1992-ci ildə İstanbulda yaradılan QDİƏT əvvəlcə Qara dəniz hövzəsindəki məhdud sayda ölkəni bir araya gətirən təşəbbüs kimi ortaya çıxdı. Daha sonra təşkilata başqa ölkələr də qoşuldu və bu gün 13 üzvlü geniş regional struktura çevrildi. Təşkilatın əsas məqsədi iqtisadi əməkdaşlıq vasitəsilə Qara dənizi sülh, sabitlik və rifah bölgəsinə çevirməkdir.
Burada Türkiyənin xarici siyasət anlayışını göstərən çox mühüm bir xüsusiyyət var: Türkiyə özünə yaxın ölkələri bir araya gətirən qapalı bloklar qurmaqdan daha çox, fərqli siyasi və geosiyasi istiqamətlərə malik ölkələri ortaq maraqlar və regional sülh üçün eyni masa arxasında oturtmağa çalışıb.
QDİƏT-in strukturu bunun konkret nümunəsidir. Eyni təşkilatda Türkiyə ilə yanaşı Azərbaycan, Ermənistan, Rusiya, Ukrayna, Yunanıstan, Gürcüstan və Balkan ölkələri yer ala bilir. İqtisadi maraqlar siyasi anlaşılmazlıqların üzərində ortaq zəmin yarada bilir.
— Bu təcrübə Məkkə Sazişi baxımından hansı əhəmiyyət daşıyır?
— Bu təcrübə Məkkə Sazişi baxımından da əhəmiyyətlidir. Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının malik olduğu güc elementləri bir-birini tamamlayır. Türkiyənin müdafiə sənayesi və hərbi potensialı, Pakistanın strateji və nüvə çəkindirmə imkanları, Səudiyyə Ərəbistanının iqtisadi və enerji gücü eyni çərçivədə birləşir. Bu səbəbdən Məkkə Sazişinin gələcəyini yalnız hərbi aspektdən qiymətləndirmək olmaz. Müdafiə sənayesi, enerji, nəqliyyat, ticarət, texnologiya və kəşfiyyat sahələrində inkişaf edəcək əməkdaşlıq zaman keçdikcə daha geniş regional arxitekturanın əsasını təşkil edə bilər.
— Azərbaycanın bu mümkün regional əməkdaşlıq sistemində xüsusi rolu ola bilərmi?
— Azərbaycanın bu struktur baxımından xüsusi mövqeyi var. Azərbaycan Türkiyə və Pakistanla yaxın münasibətlərə malikdir. Azərbaycanın gələcəkdə fərqli statusla bu mexanizmə cəlb olunması Qafqaz–Xəzər–Orta Asiya xəttini Körfəz və Cənubi Asiya ilə birləşdirən yeni geosiyasi kəmərin meydana çıxmasına səbəb ola bilər.
— Məkkə Sazişinin İran əleyhinə yaradılmış qapalı blok kimi təqdim edilməsi nə dərəcədə doğrudur?
— Türkiyənin xarici siyasət təcrübəsindən çıxarılmalı nəticə aydındır: Məkkə Sazişi başqa ölkələrə qarşı yaradılmış qapalı blok deyil. Onu İrana və ya başqa bir dövlətə qarşı ittifaq kimi göstərmək xoşməramlı olmayan yanaşma olardı. Saziş müdafiə və çəkindirmə imkanlarını artıran, lakin dialoqa da açıq olan inklüziv struktur kimi qəbul edilməlidir.
Türkiyə Respublikasının İrana yönəlik siyasəti İranın ərazi bütövlüyünün, suverenliyinin və regional sabitliyin qorunması anlayışı çərçivəsində formalaşıb. Bu siyasət Osmanlı dövrünün sonlarında ortaya çıxan təcrübələrin də davamı xarakterini daşıyır.
— Türkiyənin İranın ərazi bütövlüyünə münasibətdə bu siyasətinin tarixi kökləri nələrdir?
— Brest-Litovsk Sazişi prosesi zamanı Osmanlı dövləti İranın suverenliyinin və ərazi bütövlüyünün qorunması istiqamətində diplomatik təşəbbüslər irəli sürmüş, İran ərazilərinin böyük dövlətlər arasında bölüşdürülməsinə qarşı çıxmışdı. Bunun nəticəsində 1917-ci il Brest-Litovsk Sazişinə İranın ərazi bütövlüyünün qorunmasına dair müddəalar əlavə edilmişdi.
Respublika dövründə isə Ankara İranı yalnız qonşu dövlət kimi deyil, strateji tərəfdaş kimi qiymətləndirdi. 1930-cu illərdə Türkiyə İran–Əfqanıstan sərhədindəki mübahisənin həllində vasitəçi rolunu oynayaraq iki ölkə arasındakı fikir ayrılığının sülh yolu ilə həllinə töhfə verdi.
Türkiyənin İrana münasibətdə mövqeyinin mühüm nümunələrindən biri də 1932-ci il Türk–İran sərhəd tənzimlənməsi və sonrakı dövrdə iki ölkə arasında sərhəd problemlərinin həlli üçün aparılan diplomatik prosesdir. Türkiyə sərhəd məsələlərinin qarşılıqlı razılaşma yolu ilə həllinə üstünlük verib və İranla münasibətlərdə qarşıdurma əvəzinə uzlaşmanı əsas götürüb.
Bu siyasət 1934-cü ildə Rza Şah Pəhləvinin Türkiyəyə səfəri və Atatürk dövründə inkişaf edən Türk–İran münasibətləri ilə daha da möhkəmləndi. Ardınca Türkiyə, İran, İraq və Əfqanıstanın iştirakı ilə 1937-ci ildə Sadabad Paktının yaradılmasında fəal rol aldı. Paktın əsas məqsədi tərəflərin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməsi və regional sülhün qorunması idi.
— Bu siyasət İkinci Dünya müharibəsindən və 1979-cu il İran İnqilabından sonra da davam etdimi?
— İkinci Dünya müharibəsindən sonra da Türkiyə İranın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyən xəttini böyük ölçüdə davam etdirdi. 1946-cı il İran böhranı zamanı Sovet qoşunlarının İranın şimalından çıxarılması və İranın suverenliyinin yenidən bərpa edilməsi beynəlxalq aləmdə dəstəklənərkən, Türkiyə də İranın ərazi bütövlüyü və müstəqilliyi məsələsində həssas mövqeyini qorudu.
Soyuq müharibə dövründə Türkiyə ilə İranın xarici siyasət seçimləri zaman-zaman fərqli olsa da, İranın parçalanmasına və ya ərazi bütövlüyünün pozulmasına yönələn təşəbbüslərə qarşı Türkiyənin əsas yanaşması dəyişmədi. 1979-cu il İran İnqilabından sonra da Ankara İranın daxili siyasi rejimindən asılı olmayaraq, İranın müstəqilliyi, suverenliyi və mövcud sərhədlərinin qorunması prinsipini əsas götürdü.
— Bütün bu tarixi nümunələr Türkiyənin regional siyasəti haqqında hansı nəticəni ortaya qoyur?
— Türkiyənin tarixi üstünlüyü yalnız hərbi və ya iqtisadi potensialından qaynaqlanmır. Onun əsas üstünlüklərindən biri müxtəlif coğrafiyaları və fərqli siyasi aktorları eyni əməkdaşlıq platformasında bir araya gətirmək təcrübəsidir.
Sadabad Paktı, Bağdad Paktı, Türkiyə–İran–Pakistan iqtisadi əməkdaşlığı, D-8 və QDİƏT müxtəlif məqsədlərlə yaradılmış olsalar da, onların ortaq xüsusiyyəti var: Türkiyə ətrafındakı ölkələrlə problemlərin qarşıdurma yolu ilə deyil, institusional əməkdaşlıq və qarşılıqlı fayda əsasında idarə olunmasını hədəfləyib.
Məkkə Sazişi bu xəttin XXI əsrdəki təhlükəsizlik aspektidir. Buna görə onu Türkiyənin regional sülh və əməkdaşlıq siyasətinin yeni təhlükəsizlik sütunu kimi görmək daha məqsədəuyğundur.
Bu struktur yalnız hərbi ittifaq kimi deyil, ticarət, enerji, nəqliyyat, müdafiə sənayesi və texnologiya əməkdaşlığı ilə də dəstəklənərsə, Məkkədə atılan addım daha böyük layihənin başlanğıcına çevrilə bilər.
Qafqazdan Körfəzə, Orta Asiyadan Cənubi Asiyaya qədər uzanan; təhlükəsizliyi çəkindirmə, rifahı iqtisadi qarşılıqlı maraqlar, sabitliyi isə diplomatiya vasitəsilə təmin edən yeni regional əməkdaşlıq sistemi. Türkiyənin köklü regional diplomatiya təcrübəsi belə bir vizyonun yalnız xəyal olmadığını göstərir. Misirin keçmişdə 1974-cü il Kipr Sülh Əməliyyatı zamanı Kipr yunanları ilə münasibətləri, İranın isə 2020-ci ildə Azərbaycan–Ermənistan müharibəsi zamanı tutduğu mövqe kimi nümunələri geridə qoyaraq, sağlam düşüncə ilə regional sülhü hədəfləmək lazımdır. Regionun iki mühüm ölkəsi olan Misir və İran Türkiyəyə nə zaman səmimi və dostyana yanaşıblarsa, bunun qarşılığını həmişə daha çox müsbət şəkildə alıblar. Türkiyənin dostluğunun qarşılığını Türkiyəyə haqsız yerə düşmənçilik edən digər ölkələrdə axtarmaq yanlış siyasətdir.
10:00 17.08.2026
Oxunuş sayı: 84