Qarabağ və Maramureş arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
Rumıniyanın Maramureş regionu ilə Qarabağın Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində müzakirələr aparılıb. Tərəflər biznes əlaqələrinin inkişafı, ticarətin artırılması və qarşılıqlı səfərlərin təşkili məsələləri barədə fikir mübadiləsi aparıblar.
Crossmedia.az xəbər verir ki, Rumıniyada rəsmi səfərdə olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovun rəhbərlik etdiyi nümayəndə heyəti Maramureş regionunun Ticarət və Sənaye Palatasının sədri Florenrin Nikolae Tuş ilə görüşüb. Görüşdə regionun iş adamları və yerli sahibkarlar da iştirak ediblər.
Tərəflər Qarabağ və Maramureş arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Florenrin Nikolae Tuş birbaşa əlaqələrin qurulmasında və ticarət dövriyyəsinin artırılması məqsədilə qarşılıqlı səfərlərin təşkilində maraqlı olduqlarını bildirib.
Elçin Yusubov Qarabağda həyata keçirilən genişmiqyaslı tikinti və infrastruktur layihələri, investorlar üçün yaradılan əlverişli imkanlar və vergi güzəştləri barədə məlumat verib. O, Azərbaycan-Rumıniya ticarət dövriyyəsindəki müsbət dinamikanın regionlararası iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanlar yaratdığını vurğulayıb və Maramureş iş adamlarını Qarabağa səfərə dəvət edib.
Səfər çərçivəsində nümayəndə heyəti Maramureşdə yerləşən, Avropanın iri mebel istehsalçılarından biri olan “Aramis” fabrikini də ziyarət edib. İstehsalat prosesi ilə tanış olan nümayəndə heyətinə fabrikin fəaliyyəti barədə məlumat verilib. Müəssisənin rəhbərliyi Qarabağla əməkdaşlığa maraq göstərərək yaxın zamanda bölgəyə səfər etmək niyyətində olduqlarını bildiriblər.
17:51 16.08.2026
Oxunuş sayı: 56