Sosial müavinat artdıqca ərzaq qiymətləri də qalxır
Azərbaycanda sosial ödənişlərin həcmi artır. Bu ilin ilk 7 ayında əhaliyə 6 milyard 120 milyon manatdan çox sosial ödəniş həyata keçirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə 568,8 milyon manatlıq artım qeydə alınıb. Əhali bu artımı hiss edirmi? Bu məbləğ daha da artacaqmı?
İqtisadçı Akif Nəsirli Crossmedia.az-a açıqlamasında bildirib ki, 7 ay ərzində əhaliyə 6 milyard 120 milyon manatdan çox sosial ödəniş edilməsi ilk baxışda çox böyük rəqəm təsiri bağışlayır və bu, həqiqətən də dövlət büdcəsindən sosial istiqamətə ayrılan vəsaitlərin miqyasının artdığını göstərir:
“Amma adi vətəndaş üçün bu rəqəmin özündən daha vacib olan məsələ həmin vəsaitin insanların gündəlik həyatına necə təsir etməsidir. Yəni söhbət pensiyaların, müavinətlərin, sosial yardımların və digər ödənişlərin real olaraq nə qədər artmasından və insanların alıcılıq qabiliyyətinin nə dərəcədə yaxşılaşmasından gedir. 568,8 milyon manatlıq illik artımı da müsbət qiymətləndirmək olar. Lakin sosial ödənişlərin artımını yalnız nominal məbləğlə ölçmək düzgün olmaz. İnflyasiya, ərzaq və kommunal xərclərin, dərman və digər gündəlik tələbat mallarının qiymətlərindəki dəyişikliklər nəzərə alınmalıdır. Əgər sosial ödənişlər artır, amma qiymətlər də sürətlə yüksəlirsə, vətəndaşın real gəlirindəki artım nominal rəqəmdən xeyli aşağı ola bilər. Ona görə də əsas məqsəd sadəcə sosial ödənişlərin həcmini böyütmək deyil, insanların real sosial rifahını yaxşılaşdırmaq olmalıdır. Xüsusilə minimum pensiya və müavinət alan, gəliri aşağı olan vətəndaşların alıcılıq qabiliyyətinin qorunması burada xüsusi əhəmiyyət daşıyır. Adi insan üçün 6 milyard manatlıq ümumi göstəricidən daha önəmlisi ayın sonunda onun ailə büdcəsində nə qədər əlavə vəsait qalmasıdır”.

A.Nəsirli qeyd edib ki, gələcəkdə sosial ödənişlərin daha da artırılması mümkündür:
“Bunun üçün əsas imkanlar iqtisadi artımın davam etməsi, büdcə gəlirlərinin yüksəlməsi, qeyri-neft sektorunun genişlənməsi və dövlət maliyyəsinin dayanıqlığının qorunması ilə bağlıdır. Əgər büdcənin gəlir imkanları genişlənərsə, dövlət həm pensiyaların, həm sosial müavinətlərin, həm də digər sosial ödənişlərin artırılması üçün əlavə resurs əldə edə bilər. Amma burada bir məsələni də nəzərə almaq lazımdır. Sosial ödənişlərin davamlı şəkildə artırılması iqtisadi imkanlara uyğun aparılmalıdır. Ən optimal yanaşma həm vətəndaşların gəlirlərini artırmaq, həm də məşğulluğu və əməkhaqqı gəlirlərini yüksəltməkdir. Çünki uzunmüddətli perspektivdə insanların rifahının yalnız büdcədən verilən sosial ödənişlərlə deyil, onların normal və dayanıqlı gəlirləri ilə təmin olunması daha sağlam modeldir”.
Zərnigar Hüseynli
18:30 13.08.2026
Oxunuş sayı: 60