1,1 milyardlıq milyarder bankla dalaşdı: Siz axmaqlar dəstəsisiniz
79 yaşlı britaniyalı milyarder, The Apprentice şousunun uzunmüddətli aparıcısı Alan Sugar kredit kartı ilə bağlı qalmaqallı hadisə ilə gündəmə gəlib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Sərvəti təxminən 1,1 milyard funt sterlinq olan iş adamı kredit limitinin artırılması üçün müraciət edib, lakin American Express onun istəyini rədd edib. Bundan sonra Sugar sosial şəbəkədə bank əməkdaşlarını sərt şəkildə tənqid edərək onları axmaqlar dəstəsi adlandırıb.
Milyarderin sözlərinə görə, bazar ertəsi günü kredit limitinin artırılması üçün dörd fərqli müştəri xidməti əməkdaşı ilə ümumilikdə bir saat danışıb.
“Axırda Böyük Britaniyanın Brayton şəhərində çalışan, mənim kim olduğumu və maliyyə vəziyyətimi bilən bir əməkdaşla danışdım. Amma sistemlərinə görə yenə də rədd cavabı aldım”, – deyə Sugar narazılığını bildirib.
Onun açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər milyarderin adi insanların hər gün qarşılaşdığı kredit problemlərindən şikayət etməsini tənqid edərək onu “statusunu nümayiş etdirməkdə” günahlandırıblar.
Bir istifadəçinin 1,1 milyard funt sərvətin varsa, kredit kartına niyə ehtiyacın var? sualına Sugar böyük hərflərlə cavab verib:
Mən şikayət etmirəm, sadəcə AMEX-in nə qədər axmaq olduğunu göstərirəm. Mən özümlə pul dolu çantalar gəzdirmirəm. Əşyalar almaq üçün kredit kartına ehtiyacım var.
Sosial şəbəkələrin təsiri: bank qərarını dəyişdi
Milyarderin sərt reaksiyası nəticə verib. Bir neçə saat sonra Sugar izləyicilərinə bildirib ki, American Express qərarını dəyişib və kredit limitini artırıb.
“Yaxşı xəbər: Amex kredit limitimi artırdı. Amex kartımı tapmaq üçün zibil qutularımı eşələməyə gələnlər varsa, boşuna vaxt itirməyin – orada yalnız kartof qabıqları tapacaqsınız”, – deyə o zarafat edib.
Bu hadisə bir daha ictimaiyyətə Alan Sugarın sərt xarakterini xatırladıb. East End-in kasıb bölgələrindən birində böyüyən iş adamı sonradan öz gücü ilə Amstrad imperiyasını quraraq milyarderlər sırasına yüksəlib.
03:36 13.08.2026
Oxunuş sayı: 38