KİV: Ukraynanın zərbələri Rusiya iqtisadiyyatını riskə atır
Ukraynanın Rusiyanın neft emalı zavodlarına və logistika infrastrukturuna zərbələri ölkə iqtisadiyyatının bərpasını poza bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.
Nəşrin məlumatına görə, Rusiya iqtisadiyyatının ikinci rübdə illik ifadədə 0,9 faiz artacağı gözlənilir. İqtisadi artımı əsasən yüksək hərbi xərclər və istehlak tələbi dəstəkləyir. Əsas artım istiqamətlərindən biri isə silah, PUA və raket istehsalıdır.
Bununla belə, Ukraynanın neft emalı zavodlarına zərbələri yanacaq təchizatında fasilələrə səbəb olub və neft emalına təzyiq göstərir. Anbarlara və logistika obyektlərinə hücumların isə getdikcə daha çox sektora təsir etdiyi bildirilir.
Rusiya Mərkəzi Bankı cari rübdə iqtisadi artımın təxminən 0,5 faizə qədər yavaşlayacağını gözləyir. İl üzrə artım proqnozu isə 0-1 faiz təşkil edir. “Bloomberg” qeyd edir ki, Ukraynanın hücumlarının davam etməsi Rusiya iqtisadiyyatına mənfi təsiri əhəmiyyətli dərəcədə gücləndirə bilər.
15:38 12.08.2026
Oxunuş sayı: 49