Kurikulum proqramına süni intellekt əlavə edilir
Süni intellekt qlobal miqyasda təhsil də daxil olmaqla bir çox sahədə sürətlə tətbiq olunur. Dünyanın aparıcı universitetlərində tələbələrin bu texnologiya üzrə bilik və bacarıqlarının artırılmasına xüsusi diqqət yetirilir. Sinqapur Milli Universitetində də süni intellektin təhsildə tətbiqi ilə bağlı yeni yanaşmalar həyata keçirilir. Artıq süni intellekt kursu məcburi hala gətirilib. Bəs Azərbaycanda da eyni yanaşma ortaya qoyula bilərmi?

Təhsil eksperti İlham Əhmədov Crossmedia.az-a açıqlamasında bildirib ki, ali təhsildə süni intellektin tətbiqi ilə bağlı beynəlxalq təcrübə öyrənilməli və yerli şəraitə uyğunlaşdırılaraq tətbiq edilməlidir:
“Bu gün ali təhsildə qlobal olaraq süni intellekt transformasiyası və ixtisasların yenilənməsi prosesi gedir. Bunun nəticəsində ali təhsil sistemində ixtisasların formalaşdırılması fəlsəfəsi də dəyişir. Süni intellekt bəzi peşələri transformasiya edir, bəzi ixtisasların məzmununu dəyişir və tamamilə yeni səriştələr sistemi yaradır. Bu sahədə Çin, Sinqapur, Cənubi Koreya və digər ölkələrin maraqlı təcrübəsi var. Bu proseslərdə biz beynəlxalq təcrübədən faydalanmalıyıq. Amma bu təcrübəni olduğu kimi yox, yerli şəraitə uyğunlaşdıraraq tətbiq etməliyik. Universitetlərimizin maddi-texniki, metodik, maliyyə və digər təminatı, eləcə də müəllim heyətimizin müəyyən inkişafa ehtiyacı var. Bununla belə, biz beynəlxalq təcrübəni sistemli şəkildə öyrənməli və real səviyyəmizə uyğunlaşdıraraq tətbiq etməliyik. Bu sahədə maraqlı təcrübələrdən biri də Sinqapurdadır. Sinqapur Milli Universitetinin süni intellektə yanaşması Azərbaycan ali təhsili üçün faydalı ola bilər. Süni intellekt ali təhsildə artıq gələcəyin texnologiyası deyil, bugünkü elm, tədris və öyrənmə mühitinin bir hissəsidir. Bu dəyişiklik universitetləri yalnız süni intellekt üzrə yeni fənlər yaratmağa deyil, bütövlükdə təhsil fəlsəfəsini yenidən düşünməyə məcbur edir”.
Ekspert qeyd edib ki, Sinqapur Milli Universitetinin (NUS) təcrübəsi bu baxımdan xüsusilə maraqlıdır: “Universitet süni intellekti qadağan etmək əvəzinə, tələbələrin ondan şüurlu, tənqidi və məhsuldar istifadə etməsini öyrədir. NUS 2026-cı ildə də bakalavr təhsilini süni intellekt dövrünə uyğun yenidən dizayn edib, eyni zamanda tənqidi düşünmə, kommunikasiya, dayanıqlılıq və komanda işi kimi insan səriştələrini daha da gücləndirib. NUS-un yanaşmasının əsas xüsusiyyəti süni intellekt savadlılığını yalnız texniki bacarıq kimi qəbul etməməsidir. Universitetin müxtəlif fakültələrində tələbələr süni intellektin imkanlarını öyrənməklə yanaşı, onun yaratdığı səhvləri, qərəzləri və məhdudiyyətləri də təhlil edirlər. Məsələn, kommunikasiya və media üzrə dərslərdə tələbələr süni intellekt tərəfindən yaradılmış materialları tənqidi şəkildə araşdırır, onların etibarlılığını və manipulyasiya imkanlarını qiymətləndirirlər. Daha maraqlısı budur ki, NUS-da süni intellekt hazır cavab generatoru deyil, öyrənmə obyektinə çevrilir. Tələbə süni intellektdən cavab almaqla kifayətlənmir, həmin cavabı yoxlayır, müqayisə edir, səhvlərini tapır və təkmilləşdirir. Beləliklə, süni intellekt tələbənin düşünməsini əvəz etmir, onun düşünmə prosesini stimullaşdırır”.
İ.Əhmədov qeyd edib ki, NUS-un 2025-ci il pedaqoji yanaşmalarından biri insan intellektinin süni intellekt vasitəsilə gücləndirilməsidir: “Burada məqsəd süni intellektin imkanlarını insanın bilik, təcrübə və mühakiməsi ilə birləşdirməkdir. Bu sinergetik vəhdət insan intellektini və onun kreativliyini xeyli gücləndirir. Bu model Azərbaycanda tətbiq oluna bilərmi? Bəli, həm də buna çox böyük ehtiyac var. Bizim gənclərimizin arasında istedadlılar çoxdur. Süni intellekt bu istedadları inkişaf etdirə bilər. Amma bu, kor-koranə həyata keçirilə bilməz. Bunun üçün xüsusi tədqiqatların aparılması və layihələrin icrası zəruridir. Bizim bu sahədə son vaxtlar ölkə daxilində və xaricdə bir neçə məqaləmiz dərc edilib. Bu ərəfədə təhsildə rəqəmsal transformasiyaya həsr edilmiş Beynəlxalq İssıkgöl Konfransında qırğız və qazax alimləri məqaləmizə maraq göstərmiş və onu bəyənmişdilər. Bir müddət əvvəl Rusiyada da bu mövzuda məqalə və məruzələrimiz olub. Ola bilsin ki, qırğız və qazax həmkarlarımızla gələcəkdə bu istiqamətdə tədqiqatları genişləndirək. Sinqapur təcrübəsindən danışarkən isə qeyd etməliyik ki, NUS modelini olduğu kimi köçürmək yox, Azərbaycan ali təhsil sisteminə uyğunlaşdırmaq lazımdır. İlk addım olaraq bütün bakalavr tələbələri üçün “Süni intellekt savadlılığı” ümumi universitet səriştəsi kimi müəyyənləşdirilə bilər. Bu, ayrıca ixtisas deyil, bütün ixtisaslara aid ümumi səriştə olmalıdır. Məsələn, hüquq tələbəsi süni intellektlə hüquqi araşdırmanı, iqtisadçı data analitikasını, müəllim süni intellektlə fərdi təlimi, mühəndis isə süni intellekt əsaslı layihələndirməni öyrənməlidir. İkinci addım kurikulumların süni intellekt auditi olmalıdır. Hər universitet müəyyən etməlidir ki, hansı biliklər sürətlə köhnəlir, hansı bacarıqların əhəmiyyəti artır və süni intellekt konkret fənnin tədrisini necə dəyişir. Üçüncü və ən mühüm istiqamət qiymətləndirmənin dəyişdirilməsidir. Əgər tələbə esse və ya standart tapşırığı süni intellektlə hazırlaya bilirsə, universitet yalnız hazır nəticəni deyil, tələbənin düşünmə prosesini qiymətləndirməlidir: problemin qoyuluşu, mənbələrin seçilməsi, süni intellekt cavabının yoxlanılması, arqumentin qurulması və yekun nəticənin əsaslandırılması. NUS təcrübəsi göstərir ki, süni intellektlə mübarizə aparmaq yox, süni intellektlə düzgün işləmə mədəniyyəti yaratmaq lazımdır. Universitetdə 2023-cü ildən etibarən formalaşdırılan “ehtiyatlı optimizm” yanaşması məhz bunu nəzərdə tutur: texnologiyanı nə kor-koranə qəbul etmək, nə də qorxu ilə rədd etmək lazımdır. Azərbaycan üçün isə optimal model belə ola bilər: süni intellekt savadlılığı → süni intellektlə fənn tədrisi → tənqidi süni intellekt istifadəsi → süni intellekt əsaslı tədqiqat → yeni qiymətləndirmə → insan–süni intellekt əməkdaşlığı. Məqsəd sadəcə “süni intellekt bilən tələbə” yetişdirmək deyil, süni intellektdən istifadə edən, lakin süni intellektin düşüncəsini öz düşüncəsi ilə əvəz etməyən mütəxəssis hazırlamaqdır. Məhz bu prinsip Azərbaycanın ali təhsilinin süni intellekt dövrünə keçidinin əsas fəlsəfəsinə çevrilməlidir”.
Zərnigar Hüseynli
15:15 11.08.2026
Oxunuş sayı: 55