Təbiətə qarşı CİNAYƏT: CƏZA SƏRTLƏŞDİRİLSİN
Türkiyədə meşə yanğınlarına səbəb olan şəxslərin saxlanılması Azərbaycanda da analoji hallara qarşı hansı tədbirlərin görülməli olduğu məsələsini gündəmə gətirib. Bir neçə gün öncə Azərbaycanda da vətəndaş otlaq ərazini qəsdən yandırdı. Lakin nəzərə almalıyıq ki, meşə yanğınlarının qarşısının alınması yalnız hadisədən sonra günahkarların cəzalandırılması ilə məhdudlaşmır. Burada insanların təbiətə münasibəti, ekoloji mədəniyyət və maarifləndirmə də mühüm rol oynayır. Bəs Azərbaycanda meşələrin qorunması üçün əsas diqqət hansı istiqamətlərə yönəldilməlidir?
Mövzu ilə bağlı Crossmedia.az-a danışan ekoloq Qorxmaz İbrahimli meşələrin qorunmasının, ilk növbədə, mədəniyyət məsələsi olduğunu bildirib:

“Meşələrin qorunması mədəniyyət məsələsidir. Ətraf mühitin qorunması da mədəniyyət məsələsidir. Meşəni qəsdən, düşmənçilik məqsədilə yandıran şəxslər mütləq cəzalandırılmalıdır. Bununla bağlı ağır cəzalar Cinayət Məcəlləsində nəzərdə tutulmalıdır. Mən bunu cinayət, dövlətə qarşı cinayət hesab edirəm. Çünki meşələrin qırılması kütləvi insan ölümü, kütləvi heyvan tələfatı kimi ağır nəticələrə səbəb ola bilər. Buna görə də mən bunların hamısını cinayət hesab edirəm. Hesab edirəm ki, Azərbaycanda da, ilk növbədə, ekoloji mədəniyyəti formalaşdırmaq lazımdır. Piknik yerlərində, meşəlik ərazilərdə, meşə-çöllərdə, kolluqlarda, eləcə də taxıl biçinindən sonra sahələrin yandırılmasına yol verilməməlidir. Bilirsiniz, çox vaxt taxıl sahələrini yandırırlar. Bunların heç biri olmamalıdır. İnsanlar bunu mədəni şəkildə anlamalıdırlar. Bunun üçün mütləq və mütləq əhali arasında maarifləndirmə işi aparılmalıdır".
Zeynəb Həsən
16:00 10.08.2026
Oxunuş sayı: 43