Tatarıstanda güclü külək və leysan fəsadlara səbəb olub
Güclü külək nəticəsində onlarla ağac aşıb, binaların damları zədələnib, leysan yağış isə bir sıra ərazilərin su altında qalmasına səbəb olub.
Crossmedia.az xəbər verir ki, Tatarıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bu barədə məlumat yayıb.
Məlumata görə, saat 18:00-a olan vəziyyətə əsasən, bölgədə yağıntının miqdarı 61 millimetrə, küləyin sürəti isə saniyədə 24 metrə çatıb. Kama-Ustinski və Apastovo rayonlarında küçə və yolları su basıb, 23 ağac aşıb.
Həmçinin mağazanın və bir neçə yardımçı tikilinin dam örtüyü küləkdən qopub. Bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Apastovo qəsəbəsində doqquz həyətyanı sahə və iki yaşayış evini su basıb. FHN əməkdaşları yaşlı qadını və onun itini evin pəncərəsindən təxliyə ediblər. Təbii hadisə nəticəsində Apastovo rayonunda körpü də zədələnib.
Daha sonra Tatarıstan FHN-i bölgədə aşan ağacların sayının 56-ya çatdığını açıqlayıb. Buqulma rayonunda səkkiz yaşayış evinin, yardımçı tikililərin, mədəniyyət evinin və mağazanın dam örtüyü zədələnib, bir neçə avtomobilə ziyan dəyib.
23:06 09.08.2026
Oxunuş sayı: 50