Polşada 400 ağacın sirli əyriliyi
Polşanın Qrifino şəhəri yaxınlığında yerləşən meşədə təxminən 400 şam ağacının eyni istiqamətdə qeyri-adi şəkildə əyilməsi alimlərin diqqətini cəlb edir.
Crossmedia.az xəbər verir ki, "Habertürk" bu barədə məlumat yayıb.
1930-cu illərdə əkildiyi bildirilən ağacların gövdələri torpaqdan çıxdıqdan sonra təxminən 90 dərəcə əyilir, 1-3 metr məsafədə üfüqi istiqamətdə böyüdükdən sonra yenidən yuxarı doğru uzanır. Ağacların əyri hissələrinin demək olar ki, hamısı şimal istiqamətinə yönəlib.
Qəribə mənzərəni daha maraqlı edən məqam isə təxminən 400 əyri ağacın düz və normal böyüyən daha böyük şam meşəsinin daxilində yerləşməsidir.
Tədqiqatçılar bu formanın təbii mutasiya nəticəsində yaranması ehtimalını zəif hesab edirlər. Əsas nəzəriyyəyə görə, 1930-cu illərdə ərazidə ağac əkən fermerlər gənc şamların gövdələrini qəsdən əyərək onları mebel və ya qayıq istehsalında istifadə etmək üçün uyğunlaşdırıblar.
Lakin İkinci Dünya müharibəsinin başlaması ilə ərazinin tərk edildiyi və ağacların sonradan müdaxilə olmadan böyüdüyü ehtimal edilir.
Başqa bir nəzəriyyəyə görə isə güclü qar fırtınası ağaclar hələ cavan olarkən onların gövdələrinin əyilməsinə səbəb ola bilər. Ərazidəki digər ağacların normal böyüməsi bu ehtimalı isə zəiflədir.
Bəzi iddialarda əyriliyin yerli cazibə qüvvəsindəki qeyri-adi dəyişikliklə bağlı olduğu da söylənilir. Lakin bununla bağlı elmi sübut yoxdur.
Ağacların qeyri-adi formasının dəqiq səbəbi bu günə qədər müəyyən edilməyib. Təxminən 90 ildir mövcud olan meşə Polşanın ən maraqlı təbiət hadisələrindən biri olaraq qalır.
18:42 09.08.2026
Oxunuş sayı: 43