Avtobus sürücüsünə küçənin ortasında hücum edən şəxs tutuldu
Metronun "20 Yanvar" stansiyası yaxınlığında 67 saylı marşrut avtobusunun sürücüsünə hücum edən şəxs polis tərəfindən saxlanılıb.
Crossmedia.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən 26 yaşlı Rahim Məmmədov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Hazırda onun barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülür.
Xatırladaq ki, hadisə metronun "20 Yanvar" stansiyası yaxınlığındakı dayanacaqda baş vermişdi. Sərnişin avtobusdan düşdükdən sonra sürücünün üz nahiyəsinə yumruq zərbəsi endirmiş, zərbənin təsirindən sürücü yerə yıxılmışdı.
Sürücü ayağa qalxmağa çalışarkən hücum edən şəxs yenidən onun üzərinə gedərək onu yerə yıxmış və ard-arda yumruqlamağa başlamışdı.
Hadisəyə digər sərnişinlər və ərazidə olan şəxslər müdaxilə etməyə çalışsalar da, hücum edən şəxs zorakılıq hərəkətlərini və təhqiramiz ifadələrini davam etdirmişdi.
Hadisənin başvermə səbəbi ilə bağlı araşdırma davam edir.
Məhəbbət Tərlanoğlu
10:38 06.08.2026
Oxunuş sayı: 77