İnfantinoya "qırmızı vərəqə": O, istefaya göndəriləcək?
Dünya futbolunun idarəçiliyinə dair müzakirələr son illər daha da intensiv xarakter alıb. FIFA prezidenti Canni İnfantinonun rəhbərliyi dövründə təşkilatın maliyyə göstəriciləri və turnirlərin miqyası genişlənsə də, bəzi qərarlar və idarəetmə prinsipləri idman ictimaiyyətində mübahisələrə səbəb olub. Bu fonunda İnfantinonun FIFA prezidentliyində qalmasının məqsədəuyğun olub-olmaması yenidən gündəmə gətirilir. Müzakirələrin mərkəzində isə onun rəhbərliyinin dünya futbolunun gələcək inkişafına nə dərəcədə xidmət etdiyi sualı dayanır.
"Report" İnformasiya Agentliyinin idman şöbəsinin rəhbəri Kənan Həsənov Crossmedia.az-a açıqlamasında bildirib ki, Canni İnfantinonun FİFA prezidenti kimi fəaliyyəti həm mühüm islahatlarla, həm də ciddi mübahisələrlə yadda qalıb.

Onun sözlərinə görə, İnfantinonun prezidentliyi dövründə ən çox müzakirə olunan qərarlardan biri Dünya çempionatında iştirakçı komandaların sayının artırılması olub:
"İnfantino FİFA prezidenti seçilənədək Dünya çempionatında 32 komanda iştirak edirdi. Onun dövründə bu say 48-ə çatdırıldı, 2030-cu il dünya çempionatında isə 64 komandanın iştirakı planlaşdırılır. Bu qərar kiçik futbol ölkələri tərəfindən dəstəklənsə də, Avropanın aparıcı futbol federasiyalarının narazılığına səbəb olur".
K.Həsənov qeyd edib ki, komandaların sayının artırılması yarış təqviminə də ciddi təsir göstərir:
"Oyunların sayının artması dünya çempionatının müddətini uzadır. Bu isə klub futboluna, futbolçuların bərpa prosesinə və yeni mövsümə hazırlığına müəyyən mənfi təsirlər göstərir".
Müsahibimiz İnfantinonun fəaliyyətində müsbət məqamların da az olmadığını vurğulayıb:
"Onun fəaliyyətini birmənalı şəkildə uğursuz adlandırmaq düzgün olmaz. İnfantinonun dövründə futbolun inkişafı, oyun qaydalarının təkmilləşdirilməsi və şəffaflığın artırılması istiqamətində mühüm addımlar atılıb".
O, bildirib ki, narazılıqların əsas səbəbi FİFA-nın müstəqilliyinə kölgə saldığı iddia olunan qərarlardır:
"FİFA uzun illərdir müstəqil qurum kimi fəaliyyət göstərir. Lakin son dünya çempionatında ABŞ millisinin cəzalı futbolçusunun diskvalifikasiyasının ləğvi ilə bağlı yayılan məlumatlar və bunun Donald Trampın xahişi ilə baş verdiyi iddiaları ciddi müzakirələrə səbəb oldu. Bu, FİFA-nın daxili qaydalarına zidd addım kimi qiymətləndirildi".
K. Həsənovun sözlərinə görə, FİFA-nın kommersiya hüquqları ilə bağlı planları da narazılığı daha da gücləndirib:
"2030-cu il dünya çempionatı və digər yarışların kommersiya hüquqlarının özəl investorlara satılması təşəbbüsü FİFA-ya əlavə gəlir vəd etsə də, bu addım təşkilatın müstəqilliyinə xələl gətirə biləcək qərar kimi qiymətləndirildi".
Həmsöhbətimiz qeyd edib ki, son günlər İnfantinonun ABŞ Prezidenti Donald Trampla əlaqə saxlaması barədə yayılan xəbərlər də gündəmdə olub:
"Mətbuatda İnfantinonun Trampdan dəstək istədiyi barədə məlumatlar yayılsa da, FİFA bu xəbərləri rəsmi şəkildə təkzib edib".
K.Həsənov vurğulayıb ki, hazırda Avropa futbol qurumlarının bir hissəsi İnfantinonun istefasını tələb etsə də, onun postunu qorumaq ehtimalı kifayət qədər yüksəkdir:
"Hazırda ondan könüllü istefa verməsi tələb olunur. Lakin mən onun istefaya gedəcəyini düşünmürəm. Çünki narazı tərəflərlə yanaşı, xüsusilə kiçik futbol ölkələri arasında İnfantinonun siyasətini dəstəkləyənlərin sayı kifayət qədər çoxdur. Hadisələrin necə inkişaf edəcəyini isə zaman göstərəcək".
Nigar Xəlilli
21:00 04.08.2026
Oxunuş sayı: 61