Xocavənddə partlayan mina təhlükənin davam etdiyini göstərir
Xocavənd rayonunda minatəmizləmə işləri aparan əməkdaşın minaya düşərək xəsarət alması Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina təhlükəsinin hələ də ciddi problem olaraq qaldığını bir daha gündəmə gətirib. Müharibənin başa çatmasından illər keçməsinə baxmayaraq, minalar həm insanların həyatını təhlükə altına qoyur, həm də bərpa və yenidənqurma prosesini ləngidir. Rəsmi Bakı dəfələrlə Ermənistanın mina xəritələrini tam və dəqiq şəkildə təqdim etmədiyini bildirib. Mütəxəssislərin fikrincə, bu vəziyyət yeni insan itkilərinə və xəsarətlərə səbəb olur. Azərbaycan tərəfi beynəlxalq təşkilatları bu məsələyə daha həssas yanaşmağa və Ermənistanın humanitar öhdəliklərini yerinə yetirməsi üçün təsir göstərməyə çağırır. Bununla belə, indiyədək beynəlxalq qurumların mövqeyi ilə bağlı müxtəlif tənqidi fikirlər səsləndirilir. Ekspertlər hesab edirlər ki, mina problemi təkcə humanitar deyil, eyni zamanda siyasi və hüquqi məsələdir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Zaur Məmmədov bildirib:
"Mina qurbanlarının sayı hər kəsə məlumdur. Təəssüflər olsun ki, biz bu məsələ ilə bağlı özünü demokratik və insan hüquqlarının carçısı adlandıran beynəlxalq təşkilatların da susqunluğunun şahidi oluruq. Son altı ildə cinayət törətmiş və bunu hər kəsin gözü qarşısında etiraf etmiş şəxslərlə bağlı bəzi dairələrin qeyri-obyektiv yanaşmaları və bəyanatları fonunda, onlar bir dəfə də olsun mina qurbanları, günahsız insanların minaya düşməsi ilə bağlı bunu pisləyən bəyanatlar verməyiblər. Məlumdur ki, minalanmış ərazilər müharibə dövründə yaranır. Postmüharibə dövründə isə əhalinin, mülki insanların minaya düşməməsi və mina qurbanı olmaması üçün mütləq şəkildə mina xəritələri təhvil verilir və digər humanitar tədbirlər həyata keçirilir. Ermənistan bunu etməyib və bu fonda Fransa, Avropa Şurası Parlament Assambleyası və digər beynəlxalq aktorlar, dövlətlər və təşkilatlar susmaqda davam edirlərsə, bu o deməkdir ki, onlar indiyədək olduğu kimi, bundan sonra da Cənubi Qafqazdakı proseslərə heç vaxt obyektiv yanaşmayacaqlar".

Politoloq qeyd edib ki, bu hadisələr Azərbaycan hakimiyyətinin indiyədək Ermənistanla və regiondakı proseslərlə bağlı verdiyi bütün qərarların düzgün olduğunu və kimin təzyiq etməsindən asılı olmayaraq, bu prinsipial mövqenin bundan sonra da davam edəcəyini göstərir: "Mina zərərçəkənləri hər kəsin gözü qarşısındadır. Bu illər ərzində onlar zərər çəkməkdə davam edirlər. Əlbəttə ki, bu kimi məsələlər Ermənistanın məsuliyyətini daha da artırmalıdır və onun üzərinə böyük yük qoyur. Danışıqlar prosesində də bütün bunlar bu və ya digər şəkildə özünü göstərəcək."
Zeynəb Həsən
16:30 03.08.2026
Oxunuş sayı: 50