Çarpaz baxış

Rusiya öz məqsəd və tələblərinə uyğun olaraq müharibəni bitirə bilməyəcək - Müsahibə

Rusiya-Ukrayna müharibəsi beynəlxalq səviyyədə ciddi siyasi və hərbi nəticələr doğurmaqda davam edir. Bu müharibə yalnız regionda deyil, eyni zamanda Qərb ölkələri və dünya nizamı üçün də mühüm bir testə çevrilib. Avropa İttifaqı və Britaniya başda olmaqla, bir çox ölkə Ukraynanın mübarizəsini dəstəkləmək üçün hərbi və siyasi yardımlarını artırıb. Bu mövzuda atılan addımlar, xüsusilə Britaniyanın Ukrayna ilə hərbi əməkdaşlıq sahəsində atdığı yeni addımlar və digər Avropa ölkələrinin reaksiyaları, müharibənin gedişatına təsir edən əsas amillərdən biri olub.

Mövzu ilə bağlı hərbi ekspert Azər Bayramov Crossmedia.az-a müsahibəsində Britaniya və Avropa İttifaqının Ukrayna ilə əməkdaşlığı, Rusiyanın bu prosesə reaksiyası və müharibənin yaxın gələcəkdə necə inkişaf edəcəyi barədə fikirlərini bölüşüb.

-Böyük Britaniya Ukrayna hərbçilərinin təlimində iştirak etmək üçün öz hərbi personalını Ukraynaya göndərə bilər. Daha əvvəl də ukraynalı hərbiçilərin hərbi təlimlərə cəlb olunduqlarını gördük. Bu barədə nə deyə bilərsiniz?

-Avropa İttifaqının bir çox ölkələrində Ukrayna hərbiçilərinə hərbi təlimlər keçirilirdi və əsasən 2 proqram üzrə bu fəaliyyətlər yerinə yetirilirdi. İnterflex və EUMAM proqramları çərçivəsində bu günə qədər 50 mindən artıq ukraynalı hərbiçinin Avropa İttifaqının bir çox ölkələrində təlimlərə cəlb olunduğunu öncədən də bildirirdilər. Əsasən Britaniya, Almaniya və Polşada Ukrayna hərbiçiləri təlim keçirdilər. Bu ilin yayında da bu hərbiçilərin ilin sonuna qədər cari ildə 100 minə çatdırılması ilə bağlı təkliflər də oldu.

Hərbi ekspert: Azərbaycan ordusu düşmənin texnikalarını sərrast atışla  sıradan çıxarır - AZƏRTAC Video – Azərbaycan Dövlət İnformasiya Agentliyi

-Britaniyanın belə bir addım atmasını Rusiya necə qarşılayacaq?

-Artıq bu proses həyata keçirilib. Bu gün Rusiyanın mövcud potensialını görmürük. O, Qərb ölkələrinə bu fəaliyyətdən çəkinməkləri üçün təsir mexanizmi göstərmir. Yeni mərhələdə də Britaniyanın müdafiə nazirinin təlimləri Ukrayna ərazisində keçirməklə bağlı səsləndirdiyi fikirlər hesab edirəm ki, gələcəkdə reallaşa bilər. Çünki bundan öncə də sözügedən məsələ ilə bağlı fikirlər səsləndirilmişdi. Ancaq mövcud vəziyyətdə təkcə Britaniyanın deyil bir çox Avropanın aparıcı ölkələrinin rəhbərliklərinin də bu istiqamətdə çıxışları yaxın gələəckdə bu prosesin həyata keçirilməsini reallaşdıra bilər.

-Bu əməkdaşlıq Ukraynanın hərbi qabiliyyətini artırmaqla yanaşı, Britaniya üçün hansısa strateji üstünlüklər yaradacaqmı?

-Bu günə qədər Britaniya Ukraynaya istər hərbi, istərsə də siyasi istiqamətdə əsas dəstək verən dövlətlərdən biridir. Bildiyimiz kimi Ukraynaya uzaqmənzilli raketlərin Rusiya ərazilərində istifadəsinə icazə verən ilk ölkələrdən biri də Britaniyadır. Bu aspektdən Britaniyanın istər Avropada, istərsə də Ukraynada yetərincə təsir gücü var. Hər hansısa şəkildə o raketlərə icazə verilən ərəfədə Rusiya tərəfi xəbərdarlıq etsə də Britaniya çox sərt mövqe sərgilədi, verdikləri qərardan geri addım atmayacaqlarını vurğuladılar. Bu da ondan xəbər verir ki, artıq Britaniyanın prosesdə ciddi rolu var.

-Britaniya və Ukrayna arasında bu cür hərbi əməkdaşlıq digər Avropa ölkələrinə necə təsir edəcək və onların reaksiyası necə olacaq?

-Britaniya və Ukrayna arasında hərbi əməkdaşlıqla bağlı digər Avropa ölkələrinin də təkcə Britaniyanın təsiri ilə yox məhz öz təşəbbüslərinə uyğun olaraq dəstəklərini müşahidə edirik. Burada digər Avropa ölkələri var ki, Ukraynaya ciddi şəkildə dəstək verməyə davam edəcəklərini bildirirlər. Bir çox məsələlərdə Avropa ölkələri Ukraynaya dəstək və yardımın davam etdirilməsi qənaətindədirlər. Bir-iki ölkə sözü gedən məsələ ilə bağlı neytiral mövqe tutmağa çalışır. Ancaq onlar prosesə hər hansısa bir şəkildə mane olmaq gücündə deyillər. Rusiya-Ukrayna müharibəsi ilə bağlı ABŞ-da hakimiyyət dəyişikliyi ilə bağlı müəyyən ümidlər olsa da, Avropa dövlətlərinin sərt mövqe sərgiləməsi, məsələnin deyildiyi kimi tez bir zamanda və ya Rusiyanın üstünlüyü ilə başa çatdırılacağı ehtimalını o qədər də real göstərmir.
Çünki cari dövrdə Avropa ölkələrindən əsasən də aparıcı ölkələr: Britaniya, Almaniya, Fransa, Polşa kimi ölkələr sözügedən məsələ ilə bağlı daha ciddi qərarlar verməyə, öz mövqeylərində daha sərt dayanmaq kursunu seçiblər.

-Baş verən proseslər sizdə hansı qənaəti yaradır?

-Baş verən proseslər onu deməyə əsas verir ki, məhz Rusiyanın müharibənin aparılmasında öz məqsədlərinə və tələblərinə uyğun olaraq bitirəcəyi real görünmür.

Banuçiçək Kalbalıyeva

17:47 26.12.2024

Oxunuş sayı: 6956

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR