Akif Aşırlı: "Mətbuatnamə - 150 illik xronika" kitabı Azərbaycan mətbuatının landşaftıdır


Azərbaycan mətbuatının 150 illiyi təkcə jurnalistikanın deyil, həm də milli düşüncənin, maarifçiliyin və ictimai şüurun böyük bayramıdır. 1875-ci ildə Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşr olunan “Əkinçi” qəzeti ilə təməli qoyulan milli mətbuatımız bu gün 150 illik zəngin və şərəfli bir yol keçib. Bu tarix həm keçmişə hörmət, həm də gələcək nəsil jurnalistlər üçün məsuliyyət deməkdir. Mətbuat cəmiyyətin aynası, xalqın səsi, millətin yaddaşı olaraq hər dövrdə öz missiyasını qoruyub və inkişaf etdirib. Mətbuatın 150 illik yubileyi münasibətilə "Mətbuatnamə - 150 illik xronika" kitabını hazırlayan "Şərq" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Akif Aşırlı sözügedən təşəbbüs barədə Crossmedia.az-a müsahibə verib.
- Belə bir kitabın yazmaq ideyası hardan gəldi?
-Bu kitab Azərbaycan Mətbuat Şurasının bir layihəsidir. Bu il bildiyiniz kimi Azərbaycan Milli Mətbuatının 150 illik yubleyi dövlət və jurnalist birlikləri səviyyəsində keçirildi. Yerli icra strukturları tərəfindən prezidentin vermiş olduğu sərəncama uyğun olaraq, mətbuatın 150 illik yubileyi ilə bağlı çoxsaylı tədbirlər baş turdu. Bizim çap etdirdiyimiz "Mətbuatnamə - 150 illiyin xronikası’’ kitabının ideya müəllifi Mətbuat Şurasının sədri Rəşad Məciddir. Sadəcə biz kitabın üzərində çalışdıq və ərsəyə gətirdik. Bu təkcə mənim əməyimin, fəaliyyətimin nəticəsi deyil. Kollektiv, birgə fəaliyyətin nəticəsidir, Mətbuat Şurasının bir layihəsidir. Mətbuat tarixinin bütün landşaftları burada əksini tapır.
Bu kitabı hazırlamaq üçün hansı mənbələrdən istifadə etdiniz. İş nə qədər çətin oldu?
-Kitab Azərbaycan Milli mətbuatının, demək olar ki, 150 illik bütün tarixi dönəmlərini əhatə eləyir. "Əkinçi" qəzetindən başlayaraq 2000-ci ilin əvvəllərinə qədər çap olunan bütün mətbuat orqanları barədə burada bibiloqrafiq məlumatlar əksini tapıb. Azəbaycan Mətbuat tarixində Azərbaycan bibloqrafiyasını ilk dəfə 1965-ci ildə Nazim Axundov tərtib eləmişdir. Sadəcə həmin dönəmlərdə müəyyən ideoloji çərçivələr var idi. Nazim müəllim də bu çərçivələrdən kənəra çıxa bilməzdi. Bu yaxın zamanlara qədər həmin kitab bizim stolüstü kitabımız idi. Azərbaycan Mətbuat tarixi ilə məşğul olan insanlar məhz həmin bibloqrafiq göstəriciyə istinad edirdilər. 1992-ci ildə Azərbaycan Mətbuat tarixinin bibloqrafiyasını professor Solmaz Tohidi yazmışdır. O kitab da 1875-ci ildən 1920-ci ilə qədər olan ərəb qrafikasında nəşr olunan bizim mətbu nümunələrimizi əhatə edirdi. Biz bu kitabı tamamilə fərqli prizmadan yazdıq. Biz həmin standartlarfan kənar bir kitabın təsisinə çalışdıq. Adətən biblioqrafiq göstəricilər qəzetin adı, nəşr tarixi, illər üzrə nə qədər sayı çıxıb, baş redaktorların adından ibarət olub. Həmin qəzetlər, nəşrlər əlifba sırası ilə çap olunub. Ancaq biz Rəşad müəllimlə belə düşündük ki, daha geniş bilgi verməklə yığcam, lakonik və eyni zamanda əlifba sırası ilə deyil nəşr tarixin əsas götürərək bu kitabı tərtib edək. Bu kitab, demək olar ki, Azərbaycan Mətbuat tarxinin bütün coğrafiyasını əhatə edir. Burada Tiflisdə, Bakıda, Gəncədə, İrəvanda, İstanbulda, Almaniyada, Parisdə nəşr olunan bütün mətbuat orqanlarımızın həm birinci səhifəsinin üz qabığı, həm də o dərgi, qəzet və yaxud da xüsusi buraxılış haqqında yığcam məlumatlar əksini tapdı. Konkret olaraq o standartlardan kənarlaşdıq. Bu, bir növ Azərbaycan Mətbuat tarixinin tarixi bir landşaftıdır.
- Bu kitabın indiki dövr üçün ən əsas əhəmiyyəti nədir?
-Əhəmiyyəti bundan ibarətdir ki, bizim əlimizdə indiyə qədər çap olunan bir sıra mətbuat orqanları ilə bağlı yetəri qədər məlumat yox idi. Bu məlumatları mən uzun müddətdir ki, əldə edirdim. Həm Türkiyədən, həm elektron informasiya resurslarından, həm də Azərbaycan mətbuatı tarixinin saxlanıldğı yerlərdən. Məsələn, dövlət tarixi arxivindən, ayrı-ayrı insanların şəxsi kolleksiyalarında saxladığı nümunələrin nəticəsində biz bunu əldə etdik. Bu qaynağın çox mühüm əhəmiyyəti var. İndi internet əsridir. Süni zəkanın olduğu bir dövrdə kağız mətbuatına, kitaba münasibət də bir qədər fərqlənir. Ancaq hesab edirəm ki, süni zəka nə qədər inkişaf etsə belə, etibarlı mənbə olaraq kağız mətbuatı yəni, qəzetlər, jurnallar, dərgilər eyni zamanda kitablar öz əhəmiyyətini saxlayacaq. Elektron, səsli kitablar olsa da ənənəvi kitablar tarixini, əhəmiyyətini qoruyub saxlayacaq. Bu gün biz süni intellektə ‘’İstiqlal" qəzeti’ ilə bağlı məlumatları təqdim etmək barədə əmr versək, yetərincə doğru, dəqiq məlumat verə bilməyəcək. Mən özüm bunu sınamışam. Çünki onun data bazalarında həmin informasiyalar yerləşmir. Bir məsələni deyim ki, 2000-ci ilə qədər nəşr olunan qəzetlər və jurnallar bu kitabda öz əksini tapır. Ancaq, bizim 2000-ci ildən sonra çox nəşrlərimiz var. Bu qəzetləri, dərgiləri əhatə etmək təbii ki, çox çətin məsələdir. Bunların sayı həddən artıq çoxdur. Ancaq ən aparıcı, Azərbaycan jurnalsitikasına töhfə vermiş çap məhsulları burada əksini tapır. Mətbuat Şurasının saytında da həmin kitabın PDF variantı mövcuddur. Biz onun üzərində də davamlı iş görəcəyik. Nəzərdən qaçırdığımız dərgilər, qəzetlər var ki, onları PDF formatında Mətbuat Şurasının saytına əlavə edəcəyik.
- Bu gün mətbuat tarixi ilə aparılan tədqiqatları necə qiymətləndirirsiz?
-Mətbuat tarixi ilə bağlı bizdə fundamental tədqiqatlar var, aparılır və bu gün də davam etdirilir. Bu sahədə çox məhsuldar alimlərimiz, tədqiqatçılarımız var. Düşünürəm ki, bizim yeni gənc mətbuat tarixi tədqiqatçılarıma ehtiyacımız var. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi bu məsələdə həmişə öndə olub. Bunun ən əsas kökü Nəriman Zeynalovla, Şirməmməd Hüseynovla bağlanır. Dünyasını dəyişən Nəsiman Yaqublunun timsalında digər alimlərimiz var ki, kifayət qədər önəmli tədqiqatlar aparıblar və kitablar dərc ediblər. Bu gün də BDU-nun Jurnalistika fakültəsinin Milli Mətbuat tarixi kafedrasında çox ciddi araşdırmalar aparacaq səviyyədə alim və tədqiqatçılarımız var. Bizim mətbuat tarixinin tədqiqatı yönündə işlərimiz gələcəkdə daha intensiv şəkildə, elmi əsaslara söykənərək aparılacaq.
Sevinc Yarməmmədova,
Zeynəb Xuduyeva
18:02 19.10.2025
Oxunuş sayı: 8226