Cənab Prezidentin səsləndirdiyi həyəcan təbili bir daha göstərir ki...- Parlamentari

Xəzər dənizi ətrafında baş verən ekoloji dəyişikliklər artıq təkcə regional məsələ deyil, həm də beynəlxalq təhlükəsizlik gündəliyinin mühüm istiqamətlərindən birinə çevrilib. İqlim dəyişiklikləri, antropogen təsirlər və nəzarətsiz istismar nəticəsində su səviyyəsinin azalması sürətlənir və bu proses gələcəkdə regionun iqtisadiyyatına, bioresurslarına və ekosistemin davamlılığına ciddi zərbə vurmaq təhlükəsi yaradır.
Son illərdə məsələ daha kəskin hal aldığı üçün Xəzəryanı dövlətlərdən kollektiv cavab və koordinasiyalı tədbirlər gözlənilir. Bu səbəbdən Azərbaycan ekoloji fəlakətin qarşısının alınması üçün həm regional, həm də beynəlxalq platformalarda məsələni ardıcıl şəkildə gündəmə gətirir və fövqəladə tədbirlərin görülməsinə çağırır. Prezident İlham Əliyev də Qazaxıstanın "Kazinform" agentliyinə müsahibəsində qeyd edib ki, Azərbaycan, Qazaxıstan və digər Xəzəryanı ölkələr regional və beynəlxalq platformalarda Xəzərin mühafizəsi təşəbbüslərini fəal şəkildə irəli sürə bilərlər və bunu etməlidirlər.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov Crossmedia.az-a açıqlama verib: "Cənab Prezidentin bu istiqamətdə çağırışları artıq ilk deyil. O, bölgədə yaranmış mürəkkəb ekoloji vəziyyəti nəzərə alaraq dəfələrlə həm region ölkələrini, həm də beynəlxalq ictimaiyyəti əməkdaşlığa səsləyib. Xüsusilə Xəzər dənizində müşahidə olunan ekoloji tənəzzül və su səviyyəsinin azalması fonunda bu çağırışların aktuallığı daha da artıb.
Prezidentin çıxışlarında dəfələrlə qeyd olunduğu kimi, Xəzər dənizi bu gün ciddi təhlükə ilə üz-üzədir və bu prosesin qarşısı vaxtında alınmasa, gələcəkdə geri dönüşü çətin olan ekoloji fəlakətlə nəticələnə bilər. Məhz buna görə Azərbaycan tərəfi məsələ ilə bağlı ardıcıl olaraq xəbərdarlıqlar edir və regional həmrəyliyi vacib hesab edir. Xüsusilə Xəzəryanı dövlətlər – Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiya – bu prosesdə məsuliyyətli mövqe tutmalı, birgə tədbirlər həyata keçirməlidirlər. Əks halda, dənizin sürətlə çəkilməsi təkcə iqtisadi və ekoloji deyil, həm də sosial nəticələr doğuracaq. Cənab Prezidentin səsləndirdiyi həyəcan təbili bir daha göstərir ki, region dövlətləri bu çağırışı nəzərə almalı və ekoloji təhlükənin qarşısını almaq üçün gecikmədən real addımlar atmalıdırlar".
Ayhan
09:16 21.10.2025
Oxunuş sayı: 1218