Fuad Muradov: Xaricdə yaşayan gənclərimiz qərəzli kampaniyalara əsaslandırılmış cavab verməyi bacarmalıdırlar
Xaricdə yaşayan gənclərimiz qərəzli kampaniyalara əsaslandırılmış cavab verməyi bacarmalıdırlar və gələcəkdə diaspor hərəkatının fəal üzvlərinə çevrilməlidirlər.
Crossmedia.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu yay düşərgəsində 64 ölkədən 120-dən çox gənc iştirak edir: "Bu il düşərgəyə təxminən 700-ə yaxın müraciət daxil olub. Məqsədimiz ondan ibarətdir ki, gənclərimiz bir həftə ərzində Azərbaycanda gedən proseslərlə yaxından tanış olsunlar. Hesab edirik ki, onlar Azərbaycan reallıqlarını bilməli, ölkəmizə qarşı aparılan qərəzli kampaniyalara əsaslandırılmış cavab verməyi bacarmalıdırlar.
Bunun üçün onların bilik və bacarıqlara sahib olması vacibdir ki, yaşadıqları ölkələrdə, müxtəlif beynəlxalq platformalarda və öz icmalarında çıxış edərək Azərbaycanın maraqlarını layiqincə təmsil edə və ölkəmizi tanıda bilsinlər. İnanıram ki, bu düşərgənin gələcəkdə ən böyük əhəmiyyəti ondan ibarət olacaq ki, burada iştirak edən gənclər Azərbaycan dövlətinin maraqlarının müdafiəsində və müxtəlif layihələrinin həyata keçirilməsində fəal rol oynayacaqlar".(report)
13:33 02.08.2026
Oxunuş sayı: 53