Ekspert: Dilə sevgi praktik addımlarla göstərilməlidir
Hər bir xalqın milli kimliyini, tarixini və mənəvi dəyərlərini yaşadan ən böyük sərvət onun ana dilidir. Avqustun 1-i ölkəmizdə Azərbaycan Dili və Əlifbası Günü kimi qeyd olunur. Bu tarix təkcə təqvimdə əlamətdar gün deyil, həm də milli kimliyimizə, dövlətçiliyimizə və mədəni irsimizə göstərilən ehtiramın ifadəsidir. Ana dilimiz əsrlər boyu formalaşan mədəniyyətimizin, milli yaddaşımızın və mənəvi dəyərlərimizin əsas daşıyıcısıdır.
Bu əlamətdar günün tarixi Ümummilli Lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı Fərmanla bağlıdır. Həmin sənədlə latın qrafikalı Azərbaycan əlifbasına tam keçid təmin edildi, eyni zamanda 1 avqust Azərbaycan Dili və Əlifbası Günü kimi təsis olundu. Bu qərar Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsində, milli-mənəvi dəyərlərin qorunmasında və ölkəmizin türk dünyası ilə inteqrasiyasında mühüm rol oynadı.
Zəngin söz ehtiyatı, ahəngdarlığı və geniş ifadə imkanları ilə seçilən Azərbaycan dili əsrlər boyu böyük ədəbi və elmi irsin formalaşmasına xidmət edib. Füzuli, Nəsimi, Vaqif, Şəhriyar və digər söz ustalarının yaradıcılığı bu dilin zənginliyini və qüdrətini bütün dünyaya nümayiş etdirib. Ana dilimiz keçmişdən bizə miras qalan ən qiymətli mənəvi sərvətlərdən biri olmaqla yanaşı, gələcək nəsillərə ötürəcəyimiz ən mühüm dəyərlərdəndir.
Müasir dövrdə qloballaşma, rəqəmsal mühit və informasiya axınının sürətlənməsi fonunda Azərbaycan dilinin saflığının qorunması, düzgün istifadəsinin təşviqi və gənc nəslə sevdirilməsi daha böyük əhəmiyyət kəsb edir. Bu, təkcə dövlətin deyil, hər bir vətəndaşın mənəvi məsuliyyətidir.

Filologiya elmləri doktoru, türkoloq alim Elçin İbrahimov crossmedia.az-a açıqlamasında bildirib ki, bu sahədə əsas diqqət rəqəmsal infrastrukturun yaradılmasına yönəldilməlidir:
"Bir il ərzində, məsələn, ötən Azərbaycan Əlifbası və Azərbaycan Dili Günündən bu günə qədər nə dəyişib? Biz niyə Azərbaycan dilinin milli korpusunu yarada bilmirik? Niyə Azərbaycan dilinin lüğətlərinin elektron bazasını formalaşdıra bilmirik? Niyə onlayn orfoqrafiya və orfoepiya lüğətlərimiz yoxdur? Dilə sevgi və qayğı məhz bu işlərdə özünü göstərməlidir".
Ekspert qeyd edib ki, Azərbaycan dili ilə bağlı hüquqi baza kifayət qədər möhkəmdir:
"Qanunvericilik baxımından hər şey qaydasındadır. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dili ilə bağlı mühüm qərarlar qəbul olunub. Ancaq aidiyyəti qurumlar praktik addımları sürətləndirməlidirlər. Niyə hələ də böyük həcmli kağız lüğətlərə üstünlük veririk, amma onların onlayn versiyalarını hazırlaya bilmirik? Ən vacib sual isə budur: niyə Azərbaycan dilinin milli korpusu yoxdur?"
Elçin İbrahimov hesab edir ki, milli korpusun yaradılması süni intellekt texnologiyalarının Azərbaycan dilində daha keyfiyyətli işləməsinə də imkan verəcək:
"Biz süni intellekt vasitəsilə material emal edərkən çoxlu orfoqrafik səhvlərlə rastlaşırıq. Azərbaycan dilinin milli korpusu və elektron bazası yaradılsa, süni intellekt də həmin resurslar üzərində daha düzgün işləyə bilər".
Filoloq bildirib ki, gündəlik danışıqda xarici sözlərin işlədilməsi dil üçün ciddi təhlükə hesab edilməməlidir:
"Nitq prosesindəki pozuntuları dilin problemi kimi təqdim etmək düzgün deyil. İnsan gündəlik danışığında 'okey', 'thanks' və ya başqa xarici sözlər işlədə bilər. Bu, Azərbaycan dilinin saflığına və ya varlığına təhlükə yaratmır. Bu, sadəcə ünsiyyət prosesidir. Vaxtilə rus dilindən istifadə təbii idi, bu gün ingilis dilindən istifadə geniş yayılıb, gələcəkdə başqa dillər də ola bilər. Bu, dilin mahiyyətini dəyişmir".
Onun fikrincə, əsas məqsəd cəmiyyətdə düzgün nitq mədəniyyətinin təşviq edilməsidir:
"Əlbəttə, arzu edərdik ki, hər kəs Azərbaycan ədəbi dilinin normalarına uyğun danışsın, dilimizin saflığını qorusun. Lakin bir neçə nəfərin sosial şəbəkədə və ya gündəlik danışığında xarici söz işlətməsini 'dil əldən gedir' kimi qiymətləndirmək doğru deyil. Bu, dil üçün təhlükə yox, nitq prosesinin xüsusiyyətidir".
E.İbrahimov vurğulayıb ki, əsas diqqət müasir və əlçatan dil resurslarının yaradılmasına yönəlməlidir:
"Mən daha çox ona fokuslanardım ki, niyə Azərbaycan dilinin milli korpusu yoxdur, niyə lüğətlərimiz onlayn deyil, niyə onların mobil tətbiqləri yoxdur? Dünyanın istənilən ölkəsində yaşayan soydaşımız övladına Azərbaycan dilini öyrədərkən bir tətbiq vasitəsilə lüğətdən istifadə edə bilməlidir. Bu məsələləri qabartmalı və gələn il artıq bu istiqamətdə konkret nəticələrdən danışmalıyıq".
Nigar Xəlilli
12:25 01.08.2026
Oxunuş sayı: 78