Ermənistan Rusiya qarşısında "açıq kartlarla oynamağa başlayıb": Son gedişi kim edəcək?
Ermənistanın xarici siyasət kursunda Rusiyadan uzaqlaşma meyilləri getdikcə daha açıq görünür. Baş nazir Nikol Paşinyanın son bəyanatları İrəvanın alternativ tərəfdaşlarla münasibətlərini genişləndirmək niyyətini nümayiş etdirərkən, Moskva ilə münasibətlərdə yeni gərginlik mərhələsinin başlaya biləcəyi barədə suallar yaradır.

Politoloq Aqşin Kərimov Crossmedia.az-a açıqlamasında bildirib ki, Rusiya-Ermənistan münasibətlərində yaranan gərginlik artıq açıq şəkildə müşahidə olunur və tərəflərin son bəyanatları fikir ayrılıqlarının dərinləşdiyini göstərir:
"Rusiya-Ermənistan münasibətlərinin dəyişməsi artıq gözlə görünəcək səviyyədədir. Həm Rusiyanın, həm də Ermənistanın son açıqlamaları tərəflər arasında fikir ayrılıqlarının getdikcə dərinləşdiyini nümayiş etdirir. Bununla belə, hazırkı mərhələdə diplomatik, iqtisadi və ticarət münasibətlərində kəskin dəyişiklik baş verdiyini söyləmək hələ tezdir. Lakin proses bu istiqamətdə davam edərsə, gələcəkdə müdafiə və təhlükəsizlik sahəsindən başlayaraq ictimai münasibətlərə qədər əlaqələrin ciddi şəkildə pisləşməsi ehtimalı var".
Ekspert qeyd edib ki, Ermənistan Rusiyadan uzaqlaşmağa çalışsa da, Moskva qarşısında iqtisadi və enerji asılılığı hələ də qalmaqdadır:
"Nikol Paşinyanın bəyanatları Rusiyadan uzaqlaşmaq istiqamətində siyasi kurs təəssüratı yaratsa da, Ermənistanın iqtisadi və enerji sahələrində Rusiyadan asılılığı davam edir. Bu amil İrəvanın Moskvanın təsir zonasından tam çıxmasına hələlik imkan vermir".
A.Kərimov vurğulayıb ki, Rusiyanın son açıqlamaları Ermənistanla bağlı gələcək siyasətinə dair müəyyən siqnallar verir:
"Paşinyanın Rusiyadan uzaqlaşma siyasətinin Ermənistana hansı üstünlüklər qazandıracağı sual altındadır. Eyni zamanda, Moskvadan səslənən bəyanatlar Kremlin gələcəkdə Ermənistanla bağlı hansı xətti seçə biləcəyini müəyyən qədər göstərir".
Politoloq bildirib ki, Azərbaycan-Ermənistan sülh prosesi fonunda Rusiyanın reaksiyası xüsusi diqqət çəkir:
"Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin irəliləməsi fonunda Rusiyanın sərt bəyanatları diqqətdən kənarda qalmır. Görünür ki, Azərbaycan regionda təsir imkanlarını artırır və bu vəziyyət Moskvanın maraqları ilə tam üst-üstə düşmür. Azərbaycanla Rusiya arasında yaranan gərginliyin səbəblərindən biri də Ermənistan amili ilə əlaqələndirilə bilər".
Ekspert əlavə edib ki, Ermənistan Rusiyanın Ukraynada apardığı müharibə nəticəsində yaranmış geosiyasi vəziyyətdən istifadə etməyə çalışır:
"İrəvan hesab edir ki, Rusiyanın Ukrayna müharibəsi səbəbindən regional təsir imkanlarının zəifləməsi ona yeni manevr imkanları yarada bilər. Bununla yanaşı, Kremlin bundan sonra hansı siyasəti yürüdəcəyi və Ukrayna müharibəsinin geosiyasi nəticələrinin necə formalaşacağı hələ də əsas müzakirə mövzularından biridir".
A.Kərimov qeyd edib ki, Ermənistanın Qərblə yaxınlaşması Moskvanı narahat edən əsas məsələlərdəndir:
"Ermənistanın ABŞ, Böyük Britaniya və Fransa kimi Qərb dövlətləri ilə əməkdaşlığı Rusiyanın narahatlığını artıran əsas amillərdən biridir. Bu proses Rusiya-Ermənistan ikitərəfli münasibətlərinə, eləcə də KTMT və Avrasiya İqtisadi Birliyi çərçivəsində əməkdaşlığa mənfi təsir göstərir".
Politoloq bildirib ki, Rusiya zəifləsə belə, regionda təsir imkanlarını tam itirməyəcək:
"Rusiyanın geosiyasi mövqeyi müəyyən qədər zəifləsə də, Kremlin regionda daha çevik və təcrübəli siyasət yürütmək imkanları qalır. Bu siyasətin nəticələri ilk növbədə Ermənistanla münasibətlərdə özünü göstərə bilər".
Müsahibimiz sonda vurğulayıb ki, Ermənistan üçün ən real çıxış yolu Azərbaycanla sülh prosesini irəli aparmaqdır:
"Digər tərəfdən, Ermənistanın Rusiya ilə Qərb arasında geosiyasi sövdələşmə predmetinə çevrilməsi riski də mövcuddur. Belə şəraitdə İrəvan üçün ən rasional seçim Azərbaycanla sülh gündəliyini irəli aparmaq, əldə olunmuş razılaşmaları və qarşılıqlı öhdəlikləri yerinə yetirməkdir. Bu, Ermənistanın mövcud vəziyyətdən çıxması üçün əsas imkanlardan biri hesab oluna bilər".
Nigar Xəlilli
14:30 31.07.2026
Oxunuş sayı: 51