Süni zəka ilə yaradılan filmlər: Çətinlikləri və faydaları nələrdir?
“Sultan Həsən Bahadur” sənədli filminin tamamilə süni zəka vasitəsilə hazırlanması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər filmin vizual keyfiyyətini, tarixi hadisələrin təqdimatını və bəzi səhnələri tənqid edərək, belə mühüm tarixi mövzuya daha peşəkar yanaşılmalı olduğunu bildirirlər. Bəzi istifadəçilər hətta filmdə tarixi uyğunsuzluqların olduğunu iddia edir və bunu büdcəyə qənaət məqsədilə süni zəkadan istifadə ilə əlaqələndirirlər.

Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən Kinotənqidçilər Gildiyasının üzvü Sevda Sultanova bildirib ki, film tarixi hadisələrin son dərəcə bəsit illüstrasiyasıdır və ən yaxşı halda məktəbdə əyani vəsait kimi göstərilə bilər:
“Əgər bu ‘sənədli film’ ölkədən kənara çıxarılsa, heç bir real tarixi sənədin, tarixi məkanların, memarlıq abidələrinin, arxiv materiallarının göstərilmədiyi görüntülərə və kadrarxası şifahi mətnə kim inanar? Film hər şeydən əvvəl energetika məsələsidir. Məkana getmədən, arxivlərdə olmadan o energetikanı necə ötürmək olar? ‘Qəhrəmanlar’dan başqa, ikinci və üçüncü plandakı personajların hamısı eyni sifətdədir, sanki inkubatordan çıxıblar. Bir səhnədə qadınlardan ibarət ansambl konsert verir. Bütün qadınların üzü və ifadəsi eynidir. Təsvirlərdə emosional qat yoxdur və vizual informasiya vermir. Bir detala da diqqət çəkim. Uzun Həsən “Qaraqoyunlular”a hücum edəndə nədənsə tərəddüd etmir, vicdan əzabı çəkmir. Amma nədənsə “Sultan Mehmet”lə döyüşə qərar verməsi ona mənəvi əzab bahasına başa gəlir. Yaradıcı münasibətin və stilistik xüsusiyyətlərin olmadığı bu film türk seriallarının istedadsız variantıdır. Rejissor da türkdür – Mecit Güven. Yəqin ona görə də Uzun Həsən Nejat İşlərə oxşayır. Bu, həmin Güvendir ki, Azərbaycan Atabəylərini də yarıda qoymuşdu. Təhlükəli tendensiya meydana çıxır. Süni zəkadan istifadə etməyi bacaran istənilən şəxs heç bir araşdırma aparmadan, mənbələrə istinad etmədən, tarixi həqiqətləri təhrif edərək istənilən uydurma hadisə əsasında sənədli və ya bədii-sənədli film çəkəcək. Dünyada süni zəkanın kino yaradıcılığına müdaxiləsinin qarşısını almaq üçün tədbirlər görülür, etik normalar hazırlanır. Bir sıra nüfuzlu festivallarda bununla bağlı şərtlər də var. Süni zəka insan əməyini və düşüncəsini əvəz edə bilməz, xüsusən də ssenari yazılışında və aktyor oyunlarında. O, sadəcə, zəruri hallarda texniki dəstək funksiyası daşımalıdır.”
Sevda Sultanova qeyd edib ki, süni zəka ilə filmlər hazırlanır:
“İrandakı etirazlarla bağlı ‘Dreams of Violets’ bədii filmi (rejissor “Eş Kuş”) “Trayber” Festivalında nümayiş olunub və xeyli mübahisələrə səbəb olub. Treylerinə baxdım, süni təsvirlər və personajlardan ürəyim bulandı. Rusiyada isə yaxınlarda “Kutuzov” haqqında süni zəka ilə sənədli film hazırlanıb. Fərq ondadır ki, “Kutuzov” və onun fəaliyyəti ilə bağlı 50-yə yaxın rəsm əsəri canlandırılıb. Bir də niyə layihə türk rejissoruna həvalə edilib? Halbuki “Rəvan Muradov”un süni zəka ilə hazırladığı “Xətai” bədii filmi müqayisədə daha istedadlıdır. Rejissor əcnəbi olanda nə baş verir, keyfiyyətli olur? Sənədli kinoda yaxşı potensialımız var. Son dövrdə iki keyfiyyətli və vacib tammetrajlı sənədli film çəkilib: Pərviz Həsənovun “Başlıbel – bir kəndin mühasirə gündəliyi” və Seyran Bədəlovun “Kür – çaylar anası”. Sadəcə, kino mühitini, istehsalatı bilmək və istedadlara şərait yaratmaq lazımdır. Süni zəkanın kinoda istifadəsi isə qanunvericilikdə hansısa formada tənzimlənməlidir.”
Məhəbbət Tərlanoğlu
20:00 29.07.2026
Oxunuş sayı: 46