Husilərin hücumları regional riskləri artırır –- XƏBƏRDARLIQ
Husilərin Səudiyyə Ərəbistanının neft infrastrukturuna və enerji daşımalarına qarşı son hücumları Yəmən münaqişəsinin lokal çərçivədən çıxaraq daha geniş regional qarşıdurmanın elementinə çevrildiyini göstərir. Bu addım yalnız Ər-Riyada qarşı hərbi təzyiq vasitəsi deyil, eyni zamanda İran–ABŞ gərginliyi fonunda regional enerji təhlükəsizliyinə təsir göstərmək məqsədi daşıyan strateji mesaj kimi qiymətləndirilə bilər.

Mövzu ilə bağlı Crossmedia.az-a danışan Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin ərəb ölkələri üzrə eksperti Lalə Xəlilzadə bildirib: "İyulun 25-də husilərin Səudiyyə Ərəbistanının Cəzan və Yənbu şəhərlərində yerləşən "Saudi Aramco" obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə aldıqlarını açıqlaması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Çünki söhbət yalnız hərbi obyektlərdən deyil, Səudiyyə Ərəbistanının və bütövlükdə qlobal enerji sisteminin əsas dayaqlarından biri olan neft infrastrukturundan gedir. Enerji obyektlərinin hədəfə alınması regional təhlükəsizliklə yanaşı, beynəlxalq neft bazarlarında da əlavə risk faktorları yaradır.
Husilərin bu hücumu təsadüfi zaman seçimi deyildi. ABŞ-nin İran İnqilab Keşikçiləri Korpusunun mövqelərinə endirdiyi zərbələr Tehranı husilərlə koordinasiyaya sövq etdi. Belə ki, son hücumların xarakteri göstərir ki, husilər İran–ABŞ qarşıdurmasına təsir imkanlarını genişləndirmək, Hörmüz və Bab Əl-Məndəb boğazları vasitəsilə həyata keçirilən enerji daşımaları üzərində təzyiq yaratmaq imkanlarını nümayiş etdirmək istəyirlər. Belə strategiyanın əsas məqsədlərindən biri enerji bazarlarında qeyri-müəyyənliyi artırmaq, neft qiymətlərinə təsir göstərmək və regional gərginliyin yaratdığı siyasi təzyiqi artırmaqdır. Xüsusilə enerji qiymətlərində yüksəliş və bazarlarda qeyri-sabitlik ABŞ administrasiyası üçün həm xarici siyasət, həm də daxili siyasi baxımdan əlavə çətinliklər yarada biləcək amillərdən biridir.
Bu baxımdan husilərin Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus neft tankerlərinə qarşı hücumları da xüsusi diqqət çəkir. Dəniz nəqliyyatına təzyiq göstərilməsi yalnız Səudiyyə Ərəbistanına qarşı hərbi mesaj deyil, həm də beynəlxalq enerji daşımalarının təhlükəsizliyinə yönəlmiş təhdiddir. Əgər bu cür hücumlar davamlı xarakter alarsa, gəmiçilik şirkətləri artan təhlükəsizlik risklərini nəzərə alaraq marşrut dəyişikliklərinə gedə və əlavə sığorta, eləcə də təhlükəsizlik xərcləri ilə üzləşə bilərlər”.
O, bildirib ki, Səudiyyə Ərəbistanı dünyanın ən böyük neft ixracatçılarından biri olduğu üçün onun enerji infrastrukturuna qarşı hər hansı ciddi təhdid qlobal bazarlarda dərhal reaksiya doğurur: “Xüsusilə Hörmüz boğazı ətrafında mümkün böhran ssenariləri fonunda Qırmızı dəniz istiqamətinin də risk zonasına çevrilməsi enerji təchizatının təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır. Bu vəziyyət neft qiymətlərinin yalnız faktiki təchizat itkisi səbəbindən deyil, həm də "risk mükafatı"nın yüksəlməsi nəticəsində artmasına səbəb ola bilər.
Bu limanı bu baxımdan xüsusi strateji əhəmiyyət daşıyır. Səudiyyə Ərəbistanı Hörmüz boğazından asılılığı azaltmaq və ixrac marşrutlarını şaxələndirmək məqsədilə neft daşımalarının bir hissəsini Qırmızı dəniz sahilində yerləşən Yənbu limanı vasitəsilə həyata keçirir. Bu səbəbdən həmin əraziyə yönələn hücumlar yalnız regional təhlükəsizlik məsələsi deyil, həm də qlobal enerji təchizatının dayanıqlılığı baxımından mühüm risk faktorudur. Husilərin hazırkı strategiyası əvvəlki illərdə müşahidə olunan yanaşmadan fərqlənir. 2019-cu ildə "Saudi Aramco"nun Abqaiq və Xurays neft obyektlərinə edilən hücum göstərdi ki, enerji infrastrukturuna yönəlmiş zərbələr qısa müddət ərzində qlobal bazarlara təsir göstərə bilər. Həmin hadisə nəticəsində neft hasilatında müvəqqəti azalma baş vermiş və bazarlarda ciddi qiymət dalğalanmaları müşahidə olunmuşdu. Bu təcrübə göstərir ki, enerji obyektlərinə qarşı hücumların təsiri yalnız fiziki zərərlə məhdudlaşmır, eyni zamanda siyasi və iqtisadi təzyiq vasitəsinə çevrilə bilər. Hazırkı mərhələdə əsas risk hücumların qarşılıqlı cavab zəncirinə çevrilməsidir. Səudiyyə Ərəbistanının hərbi cavabları, ABŞ-nin İran və husilərə qarşı daha sərt mövqe nümayiş etdirməsi, eləcə də İranın husilər və digər regional tərəfdaşları vasitəsilə cavab imkanlarından istifadə etməsi qarşıdurmanın daha geniş coğrafiyaya yayılması ehtimalını artırır. Əgər tərəflər enerji infrastrukturunu və dəniz nəqliyyatını qarşıdurmanın əsas hədəflərindən birinə çevirərsə, bu, artıq yalnız husilər və Səudiyyə Ərəbistanı arasındakı münaqişə çərçivəsində qalmayacaq. Belə bir ssenaridə Hörmüz və Bab əl-Məndəb boğazları ətrafında təhlükəsizlik böhranı qlobal enerji bazarına birbaşa təsir edən amilə çevrilə bilər.
Nəticə etibarilə, husilərin son hücumları Yaxın Şərqdə təhlükəsizlik balansının nə qədər kövrək olduğunu bir daha nümayiş etdirir. Hazırkı mərhələdə əsas məsələ hücumların yaratdığı fiziki zərərdən daha çox, onların regional aktorlar arasında yeni qarşıdurma mərhələsinə yol açmaq potensialıdır. Enerji infrastrukturunun hədəfə alınması isə bu böhranın regional sərhədləri aşaraq qlobal iqtisadi nəticələr doğura biləcəyini göstərən əsas amillərdən biridir”.
Zeynəb Həsən
17:00 28.07.2026
Oxunuş sayı: 46