Türkiyənin Baltik missiyası: NATO-nun yeni hərbi strategiyası, yoxsa Rusiyaya siyasi mesaj?
NATO-nun Baltik ölkələrinin hava məkanının mühafizəsini nəzərdə tutan Baltic Air Policing missiyası çərçivəsində Türkiyənin Estoniyaya beş F-16 qırıcısı və 76 nəfərlik hərbi heyət göndərməsi Alyansın şərq cinahında təhlükəsizlik siyasəti ilə bağlı yeni müzakirələrə səbəb olub. Missiya avqust-noyabr aylarını əhatə edəcək və Estoniya, Latviya, Litvanın hava məkanının 24 saat mühafizəsini təmin edəcək.
Bu qərar Rusiya ilə NATO arasında hərbi-siyasi qarşıdurmanın davam etdiyi, Baltik və Şimal Avropa regionunun isə Alyansın əsas təhlükəsizlik prioritetlərindən birinə çevrildiyi dövrdə qəbul olunub. Türkiyənin bu missiyada iştirak etməsi həm NATO daxilində Ankaranın rolunun artması, həm də regiondakı güc balansı baxımından diqqət çəkən hadisə hesab olunur.

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullayev Crossmedia.az -a açıqlamasında bildirib ki, NATO-nun Ankara zirvəsində Türkiyə ilə bağlı verilən qərar xüsusilə Türkiyənin Baltik ölkələrində F-16-ların uçuşlar həyata keçirməsi onun NATO daxilində çəkisini artırır:
“Türkiyənin nə qədər lazımlı ölkə olduğunu, Avropanın artıq təhlükəsizliyi üçün önəmli bir ölkə olduğunun göstəricisidir. Mən hesab edirəm ki, bu uğurludur. F-16 qırıcılarının Baltikdə olması bir növ artıq Türkiyənin Şərqi Avropada təhlükəsizliyin təminatçısına çevrilməsini deməkdir.Türkiyə artıq regional gücdən beynəlxalq gücə çevrilir”.
Politoloq bildirib ki, bu, Rusiya-NATO münasibətlərinin gələcək dinamikasına mənfi təsir edəcək:
“Amma Rusiya da bilir ki, Türkiyə etimad ediləsi ölkədir, Türkiyədən Rusiyaya qarşı hər hansı bir təhdid yoxdur. Ona görə də düşünürəm ki, alyans daxilində Türkiyənin hərbi-siyasi çəkisinin artması eyni zamanda Rusiya-NATO münasibətlərinin gələcək dinamikasına müəyyən müsbət təsir edə bilər. Yəni Türkiyə NATO və Rusiya arasında orta məxrəcin tapılmasına və eskalasiyanın qarşısının alınmasına bir növ xidmət edə bilər.
Təbii ki, yeni geosiyasi reallıqlar yaranır, yeni siyasi nizam formalaşır. Bu prosesdən Türkiyə həm Qara dəniz periferiyası, həmçinin Şərqi Avropa, Şimal-Şərqi Avropa istiqamətində mövqeyinin güclənməsi bir növ Türkiyənin artıq Qərblə Rusiya arasında da bir təhlükəsizlik çəmbəri olduğunun da göstəricisidir”.
Zərnigar Hüseynli
19:00 27.07.2026
Oxunuş sayı: 64