Ev almaq istəyənlərə VACİB xəbərdarlıq - Almazdan əvvəl bunu oxuyun
Öz evinə sahib olmaq çoxlu insanın arzusudur. Lakin son illər mənzil qiymətlərinin sürətlə bahalaşması və ipoteka şərtlərinin hər kəs üçün əlçatan olmaması bu seçimi çətinləşdirib. Digər tərəfdən, kirayə bazarında da qiymətlər artmaqda davam edir. Bir çoxları illərlə kirayə haqqı ödəməyin əvəzinə ipoteka ilə ev almağı düşünür, digərləri isə uzunmüddətli kredit öhdəliyindən çəkinərək kirayədə qalmağa üstünlük verir. Bəs mövcud iqtisadi şəraitdə ev almaq daha sərfəlidir, yoxsa kirayədə yaşamaq? Hansı seçim maliyyə baxımından daha məqsədəuyğundur?

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, dünyanın təxminən bütün ölkələrində daşınmaz əmlak ən bahalı məhsullardan biridir:
"Yəni insanın gündəlik tələbat malları ilə müqayisədə daşınmaz əmlakın əldə olunması daha çətindir. Məhz buna görə də əksər ölkələrdə əhalinin böyük bir hissəsi kirayə mənzillərdə yaşayır. Biz qonşu ölkələrə – istər Rusiyaya, istər Türkiyəyə baxsaq, görərik ki, orada da yerli əhalinin əhəmiyyətli hissəsi kirayədə yaşayır. Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycanda da son 5 ilin statistikasına baxdıqda, çıxarışlı satılan mənzillərin 60 faizdən çoxunun müxtəlif kredit şərtləri ilə satıldığını görürük. Yəni vətəndaşlar getdikcə nağd alışdan uzaqlaşır, daha çox kredit hesabına mənzil əldə edirlər. Buna səbəb də odur ki, vətəndaş düşünür: mən onsuz da kirayə pulu ödəyirəm, elə həmin vəsaiti ödəyərək öz mənzilimə sahib olum. Azərbaycan cəmiyyətində yaşayan insanların əksəriyyətində genetik olaraq belə bir düşüncə formalaşıb ki, mütləq daşınmaz əmlak sahibi olmalıdır, öz evi olmalıdır, övladlarına qalacaq bir mülkü olmalıdır. Bu da təbii olaraq ölkədə daşınmaz əmlaka tələbatı artırır, tələbat artdıqca isə qiymətlər də yüksəlir".
Ekspert qeyd edib ki, daşınmaz əmlaka tələbat əsasən Bakı, Sumqayıt, Gəncə, Xırdalan və digər iri şəhərlərdə yüksəkdir:
"Amma bəzi bölgələrimiz var ki, həmin ərazilərdə daşınmaz əmlaka demək olar ki, tələbat yoxdur. Tələbat olmadığından, xüsusilə ucqar kəndlərdə mənzillərin və evlərin qiyməti çox aşağıdır. Hər kəs ala bilər, lakin həmin ərazilərdə iqtisadi imkanlar zəif olduğuna görə insanlar orada daşınmaz əmlak almırlar. Digər tərəfdən, daşınmaz əmlakın qiymətinin artması onu investisiya baxımından da cəlbedici edir. Çünki Azərbaycanda, xüsusilə böyük şəhərlərdə daşınmaz əmlakın qiymətində hər ay, hər il artım müşahidə olunur. Buna görə də vətəndaş düşünür ki, kapitalını banka qoyub illik faiz qazanmaqdansa, mənzil alsın, onu kirayəyə versin, həm kirayədən gəlir əldə etsin, həm də gələcəkdə daha yüksək qiymətə sataraq qazanc əldə etsin. Bu gün Bakı şəhərində kirayə qiymətlərinə baxsaq, köhnə tikili binalarda birotaqlı mənzillərin kirayə qiyməti təxminən 400 manatdan başlayır. Yeni tikili binalarda isə qiymətlər daha yüksəkdir. Lakin mənzilin satış qiyməti yüksək olduğuna görə, kreditlə mənzil alan vətəndaş ilkin ödəniş etməli olur və aylıq ödənişləri də daha yüksək olur.Bu baxımdan, əgər vətəndaşın aylıq gəliri yalnız ailəsinin gündəlik yaşayış xərclərini ödəməyə kifayət edirsə, onun uzunmüddətli kreditlə mənzil alması sosial həyatında ciddi problemlər yarada bilər. Çünki bu gün insan aldığı əməkhaqqını ailəsinin dolanışığına, gündəlik xərclərinə, yanacağa və digər ehtiyaclarına sərf edirsə, ipoteka kreditinə girdiyi zaman həmin digər tələbatlarını qarşılamaqda çətinlik çəkəcək. Zaman keçdikcə insanların maddi vəziyyəti yaxşılaşa, gəlirləri arta bilər. O zaman həmin şəxslər daşınmaz əmlak sahibi ola bilərlər. Amma düşünürəm ki, vətəndaşın aylıq gəliri yüksək deyilsə, sadəcə "evim olsun" düşüncəsi ilə özünü 10, 15 və ya 20 illik ağır ipoteka kreditinə salması onun həyatının digər sahələrinə mənfi təsir göstərəcək. Bu, həm təhsilinə, həm yaşayışına, həm də istirahətinə ciddi təsir edə bilər. Məhz buna görə Avropa və digər inkişaf etmiş ölkələrin vətəndaşları fərqli düşünürlər. Onlar hesab edirlər ki, əgər qazandıqları gəlir kirayə haqqını ödəməyə və normal yaşamağa kifayət edirsə, əlavə kredit yükü altına girməyə ehtiyac yoxdur. Çünki kredit öhdəliyi onların digər sahələrdə tələb olunan maddi ehtiyaclarını qarşılamağa mane ola bilər. Digər tərəfdən, Avropa ölkələrində vəziyyət fərqlidir. Çünki orada bələdiyyələrin sosial mənzilləri mövcuddur. Həmin sosial evlərdə aztəminatlı ailələr çox aşağı qiymətlə kirayədə qala bilirlər. Onların ödədiyi kirayə haqqı əsasən həmin binaların saxlanılması və kommunal xərclərini qarşılayır. Azərbaycanda bu tip sosial mənzillər geniş yayılmadığı üçün aztəminatlı ailələr məcbur qalaraq ucuz kirayə evlər axtarırlar. Şəhər mərkəzində münasib qiymətə mənzil tapa bilmədikdə isə şəhərətrafı ərazilərdə yaşayırlar. Bu da onların gündəlik işə, təhsilə və digər istiqamətlərə gedib-gəlməsi üçün əlavə vaxt və xərc itkisinə səbəb olur. Bu problem həm tələbələr, həm də aztəminatlı ailələr üçün aktualdır. Çünki mənzillərin kirayə qiymətləri onların satış qiymətlərindən formalaşır. Adətən kirayə haqqı mənzilin bazar dəyərinin müəyyən faizi əsasında hesablanır. Satış qiyməti artdıqca həm kredit üzrə aylıq ödənişlər, həm də kirayə qiymətləri yüksəlir. Mənim şəxsi fikrim ondan ibarətdir ki, əgər vətəndaş bu gün aylıq gəliri ilə kirayədə qalaraq normal həyat sürə bilirsə, yalnız ev sahibi olmaq naminə özünü ağır və uzunmüddətli kredit öhdəliyi altına salmaması daha məqsədəuyğundur."
Məhəbbət Tərlanoğlu
14:00 25.07.2026
Oxunuş sayı: 69