Video oyunları ilə bağlı araşdırmadan maraqlı nəticə
Video oyunlarına daha çox vaxt ayıran yeniyetmələrdə beynin bir sıra nahiyələrində beyin qabığının daha nazik və səthinin daha kiçik olduğu müəyyən edilib.
Crossmedia.az xəbər verir ki, araşdırma “NeuroImage” jurnalında dərc olunub.
Tədqiqatçılar Kaliforniya Universitetinin San-Fransisko bölməsindən Ceyson Naqatanın rəhbərliyi ilə orta yaşı təxminən 14 olan 5 686 yeniyetmənin məlumatlarını araşdırıblar. İştirakçılar gün ərzində orta hesabla 3,1 saat video oyunu oynayıb, onların 81 faizi isə ən azı bəzən video oyunlarından istifadə edib.
Nəticələr göstərib ki, daha çox oyun oynayan yeniyetmələrdə beyin qabığının strukturundakı fərqlər kiçik olsa da, beynin müxtəlif sahələrini əhatə edir. Bunlara alın, gicgah, təpə və ənsə payları daxildir.
Tək nəfərlik oyunlar dil və sosial düşüncə ilə əlaqəli bəzi beyin sahələrində dəyişikliklərlə əlaqələndirilib. Çoxnəfərli oyunlarla isə statistik yoxlamadan sonra əhəmiyyətli əlaqə aşkarlanmayıb.
Alimlər vurğulayırlar ki, nəticələr video oyunlarının beyni “korladığını” sübut etmir. Araşdırma birdəfəlik müşahidə xarakteri daşıdığından, oyunların beyin strukturuna təsir edib-etmədiyini, yoxsa müəyyən beyin xüsusiyyətləri olan yeniyetmələrin daha çox oyun oynamağa meyilli olub-olmadığını müəyyənləşdirmək mümkün deyil.
Ceyson Naqata da qeyd edib ki, beyin qabığının qalınlığı uşağın intellektini və ya qabiliyyətlərini birbaşa göstərmir. Tədqiqatda aşkar edilən fərqlərin də kiçik olduğu bildirilib.
23:56 09.09.2026
Oxunuş sayı: 43