Süni intellekt bəşəriyyət üçün təhlükəyə çevrilir
Süni intellektin sürətli inkişafı onun gələcəkdə bəşəriyyət üçün təhlükə yaradacağı ilə bağlı narahatlıqları artırır. Texnologiyanın imkanları genişləndikcə bu risk ətrafında müzakirələr də dərinləşir. Lakin təhlükənin mənbəyini yalnız süni intellektdə axtarmaq doğru olmaya bilər. Çünki süni intellekti yaradan və inkişaf etdirən də insandır. Tarix göstərir ki, bəşəriyyət üçün ən böyük dağıdıcı vasitələrdən bir çoxunu məhz insanlar yaradıb. Bu baxımdan süni intellektin mümkün təhlükəsi də birbaşa insan amili ilə əlaqələndirilir. Bəs süni intellekt gələcəkdə bəşəriyyətin mövcudluğunu həqiqətən təhlükə altına sala bilərmi?
Mövzu ilə bağlı fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli Crossmedia.az-a açıqlamasında bildirib ki, süni intellektin bəşəriyyəti məhv etməsi ehtimalı mövcuddur, lakin bu təhlükənin arxasında yenə də insan amili dayanır:
“Süni intellektin bəşəriyyəti məhv etməsi ehtimalı var. Lakin bu ehtimal mövcud olsa belə, arxa planda yenə də insan əməyi durur. Əslində, yaşadığımız Yer kürəsinin məhv olmasının əsas səbəbkarı elə insanların özüdür. Əlbəttə, başqa səbəblər də ola bilər: ilahi qüvvə, meteorit parçaları və s. Ancaq dünyanın məhvinə gətirib çıxaran əsas amil insanların yaratdığı texnologiyalar və silahlardır. Süni intellektin arxasında insan faktoru dayandığı üçün onun bəşəriyyəti məhv etməsi ehtimalı da məhz bu amillə bağlıdır".

Ekspert qeyd edib ki, bununla belə, məsələni mübaliğələşdirərək ifrata varmaq doğru deyil: "Söhbət əbədi yox, müvəqqəti tənəzzüldən gedə bilər. Süni intellekt, insan faktoru və ya başqa bir amil Yer kürəsində həyatı müvəqqəti — 100, 200 il və ya daha çox müddətə dayandıra bilər. Lakin Yer kürəsi mövcud olduqca zamanla özünü bərpa edəcəkdir. Nəticə etibarilə, süni intellektin bəşəriyyəti məhv etməsi ehtimalını qəbul etmək olar, çünki bu təhlükənin də təməlində insan amili dayanır”.
Zeynəb Həsən
20:50 09.09.2026
Oxunuş sayı: 41