Zelenski əslində Rusiyanın agentlərini təmizləyir?
Müharibə təkcə cəbhə xəttindəki səngərlərdə deyil, həm də qərargahlarda, siyasi kabinetlərdə və strateji planlarda davam edir. Myaxilo Fedorovun gedişindən sonra Aleksandr Sırskinin də istefaya göndərilməsi Ukraynanın hərbi-siyasi rəhbərliyində sadəcə növbəti kadr dəyişikliyi deyil, cəbhədəki bütün oyun qaydalarının kökündən dəyişməsinin bariz göstəricisidir. Kiyev artıq müdafiə olunan tərəf rolundan çıxıb, Moskvanı öz evində sarsıdan, onun strateji damarlarını kəsən amansız bir taktikaya keçid edir. Məsələ ilə bağlı hərbi ekspert Emin Həsənli Crossmedia.az-a açıqlama verib:

"Ukrayna bu prosesi bitirmək istəyir. Eyni zamanda Rusiya daha çox ərazı zəbt etmək niyyətindədir. Ukrayna isə istəyir ki, daha çox torpağını azad etsin.
Moskvanın danışıqlar masasına əyləşib Ukraynanın şərtlərini qəbul etməsi üçün onlar Rusiyanın strateji əhəmiyyətli obyektlərinə zərbələr vururlar. Yəni həm nəqliyyat qovşaqlarını, körpüləri vurur, həm də xüsusilə yanacaq böhranı yaradırlar. Dünyanın ən çox yanacaq istehsal edən ölkələrindən biri olan Rusiya bu gün ağır bir problemlə üz-üzədir. Eyni zamanda əhali arasında qorxu və həyəcan yaradılır ki, Rusiya rəhbərliyi müharibənin artıq daxilə keçdiyini başa düşsün. Bu zərbələr Ukraynaya müəyyən üstünlüklər qazandırır, həmçinin idarəetmədə çevikliyi təmin etmək məqsədi daşıyır.
Hesab edirəm ki, hər iki tərəfdə kadr və taktika dəyişiklikləri baş verir. Kadr dəyişikliklərinin, müəyyən təzyiqlərin, hətta sanksiyaların və taktiki addımların hamısının bir hədəfi var: hər iki tərəf prosesi sürətlə yekunlaşdırmaq istəyir. Ancaq təəssüflər olsun ki, müharibə hələ də davam edir və yakəxın zamanlarda bitməsi gözlənilmir. NATO-nun ayırdığı vəsaitlərin davamı gələcək və Ukraynanın növbəti mərhələdə də maliyyə dəstəyi alması təmin olunacaq.
Avropa İttifaqı Ukraynanın timsalında özünə döyüşkən bir ordu formalaşdırır. Məlum olduğu kimi, Avropada əsas güc NATO ordusudur və ayrı-ayrı ölkələrin öz orduları var, ancaq real döyüş təcrübəsi olan əsas güc Ukrayna ordusudur. Avropalılar da hesab edirlər ki, ukraynalılar məhz onların təhlükəsizliyi uğrunda döyüşürlər".
Turqut Ansari
21:00 23.07.2026
Oxunuş sayı: 37