Telefon deyil, sevgisizlik uşaqları tənha qoyur - EKSPERT
Valideynlərin övladları ilə birlikdə olsa da diqqətini telefona yönəltməsi gələcəkdə uşaqlarda ciddi psixoloji problemlərə səbəb ola bilər.
Crossmedia.az xəbər verir ki, "CNN Türk" bu barədə müsahibə yayıb.
Təhlükəsizlik üzrə ekspert Cengiz Hortoğlu bildirib ki, texnologiyanın sürətli inkişafı insanları real həyatdan uzaqlaşdırır və ailədaxili münasibətlərə mənfi təsir göstərir. Onun sözlərinə görə, sosial şəbəkələrdən ölçüsüz istifadə ailə üzvləri arasında ünsiyyəti zəiflədir, uşaqlarda isə tənha və dəyərsiz olduqları hissini formalaşdırır.
Ekspert qeyd edib ki, ailə yalnız eyni dam altında yaşamaq deyil, sevgi, etibar və aidiyyət hissidir. O bildirib ki, araşdırmalar zamanı cinayət işlərini təhlil edərkən ailə diqqətindən məhrum böyüyən uşaqların yanlış yollara düşmə ehtimalının daha yüksək olduğunu müşahidə edib.
Cengiz Hortoğlu hesab edir ki, "xəyalət valideynlik" (valideynin fiziki olaraq yanında olsa da, diqqətinin daim telefonda olması) uşaqlarda dərin psixoloji iz buraxır. Onun fikrincə, belə uşaqlar gələcəkdə psixoloqlara müraciət edərkən belə deyəcəklər:
"Anam da, atam da yanımda idi, amma əslində yox idilər. Mənimlə danışırdılar, amma məni eşitmirdilər. Onlar yanımda olsa da, özümü həmişə tənha hiss edirdim."
Ekspert vurğulayıb ki, uşağa ən ağır zərbə onun varlığının fərqinə varmamaqdır. Valideynlərin bir çoxu bunu istəmədən etsə də, övladlarını görməzdən gəlməklə onların psixoloji inkişafına bərpası çətin olan zərər vururlar.
Hortoğlu əlavə edib ki, valideynin uşağın yanında fiziki olaraq olması kifayət deyil. Onun sözlərinə görə, valideyn övladına diqqətlə qulaq asmalı, gözlərinin içinə baxmalı və özünü tam şəkildə ona həsr etməlidir. Əks halda, eyni məkanda olmaq uşağın emosional ehtiyaclarını qarşılamır.
09:01 23.07.2026
Oxunuş sayı: 13