Cross Media Təhlil Mərkəzinin analitikindən beynəlxalq elmi uğur
Cross Media Təhlil Mərkəzinin analitiki, Bakı Dövlət Universitetinin dosenti, fəlsəfə doktoru Pərviz Firudin oğlu Kazıminin müəllifi olduğu elmi əsər İngiltərənin “IntechOpen” beynəlxalq akademik nəşriyyatının “Marketing Strategies in the Digital Era – Trends, Challenges and Opportunities in Business Growth” adlı kitabında dərc edilib.

Crossmedia.az-ın məlumatına görə, tədqiqat “Primary Information Processing in the Process of Providing Information Services: Methods of Providing Information Services and Performance Evaluation” (İnformasiya Xidmətlərinin təşkili zamanı İlkin Məlumatların Emalı: İnformasiya Xidmətlərinin Təmin Edilməsi Metodları və Fəaliyyətin Qiymətləndirilməsi) adlanır və tədqiqat “İnformasiya mühəndisliyi” (Information Engineering) anlayışına yeni yanaşma təqdim edir. Müəllif qeyd edir ki, informasiya mühəndisliyi yalnız texniki infrastrukturun, proqram təminatının və ya verilənlər bazalarının idarə olunması ilə məhdudlaşmır. Bu sahə sosial, mədəni, təhsil və siyasi proseslərə məqsədyönlü informasiya təsiri göstərən kompleks elmi istiqamət kimi qiymətləndirilir.
Araşdırmada vurğulanır ki, informasiya mühəndisliyi həm cəmiyyətin inkişafına, biliklərin sistemləşdirilməsinə və düzgün qərarların qəbuluna xidmət edə, həm də dezinformasiya, informasiya manipulyasiyası və informasiya müharibələrinin aləti kimi istifadə oluna bilər.
Elmi işdə müasir informasiya proseslərinin tarixi kökləri də təhlil edilir. Müəllif orta əsrlərə aid biblioqrafik ənənələri, o cümlədən İbn əl-Nədimin “Əl-Fihrist” əsərini və klassik elm təsnifatlarını müasir metadata və informasiya idarəetmə sistemlərinin ilkin nümunələri kimi qiymətləndirir.

Tədqiqat çərçivəsində informasiya xidmətlərinin qiymətləndirilməsi və idarə olunması üçün 10 alt sistemdən ibarət “İnformasiya mühəndisliyi” modeli təqdim olunur. Model müxtəlif sosial mühitlərdə informasiyanın qəbulunu, emalını və tətbiqini sistemli şəkildə idarə etməyə imkan verir.
Araşdırmada qeyd olunur ki, təklif edilən model dezinformasiyanın qarşısının alınması, informasiya axınlarının standartlaşdırılması və rəqəmsal təhlükəsizliyin gücləndirilməsi baxımından praktik əhəmiyyət daşıyır. Tədqiqatın nəticələrinin kitabxana-informasiya sistemləri, akademik tədqiqat mərkəzləri, dövlət informasiya siyasəti və rəqəmsal marketinq sahəsində tətbiq oluna biləcəyi bildirilir.
12:20 23.07.2026
Oxunuş sayı: 189