ABŞ və İran barışmır: Azərbaycanın hərəkətə keçməsi gözlənilir
ABŞ ilə İran arasında davam edən gərginlik və Hörmüz boğazı ətrafında yaşanan son hadisələr regionda təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. Qarşıdurmanın diplomatik yollarla həlli və tərəflər arasında dialoqun bərpası üçün müxtəlif ölkələrin vasitəçilik imkanları müzakirə olunur. Bu kontekstdə Azərbaycanın balanslı xarici siyasəti və həm Qərb, həm də region dövlətləri ilə münasibətləri diqqət çəkir. Bir sıra ekspertlər hesab edirlər ki, rəsmi Bakı tərəflər arasında dialoq platforması rolunu oynaya biləcək ölkələrdən biridir. Digər tərəfdən, belə bir missiyanın həyata keçirilməsi üçün yalnız vasitəçi ölkənin istəyi kifayət etmir. Bəs Azərbaycan, həqiqətən, ABŞ və İran arasında vasitəçi rolunu üzərinə götürə bilərmi? Bu, ölkəmizin beynəlxalq nüfuzuna necə təsir göstərə bilər?

Mövzu ilə bağlı Crossmedia.az-a danışan Azərbaycan Xalq Partiyasının sədri Qiyas Sadıqov bildirib: "Azərbaycanın xarici siyasətdə balanslı və praqmatik xətt yürüdən ölkə kimi həm region dövlətləri, həm də Qərb ölkələri ilə qarşılıqlı maraqlara əsaslanan münasibətlər qurmağa çalışır. Bu baxımdan, nəzəri olaraq Azərbaycanın ABŞ və İran arasında dialoq üçün platforma rolunu oynaması mümkündür. Lakin vasitəçilik yalnız bir dövlətin istəyi ilə baş vermir. Bunun üçün ilk növbədə hər iki tərəfin siyasi iradəsi, qarşılıqlı razılığı və etimadı olmalıdır. Belə təşəbbüslər adətən tərəflərin gərginliyi azaltmaq niyyəti olduğu zaman real nəticə verir.
Azərbaycanın üstünlüyü ondadır ki, regionda sabitliyin, əməkdaşlığın və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin tərəfdarıdır. Ölkəmiz indiyədək müxtəlif beynəlxalq platformalarda dialoqu və əməkdaşlığı təşviq edən mövqe nümayiş etdirib. Əgər tərəflər belə bir vasitəçiliyə ehtiyac duysalar və Azərbaycanı qəbul etsələr, bu, ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına, diplomatik imkanlarının genişlənməsinə və regional əhəmiyyətinin güclənməsinə müsbət təsir göstərə bilər.Belə bir missiya ciddi məsuliyyət və risklər də daşıyır. ABŞ–İran münasibətləri uzun illərdir mürəkkəb və həssas xarakter daşıyır. Vasitəçi ölkə maksimum dərəcədə neytral, beynəlxalq hüquqa sadiq və balanslı mövqe nümayiş etdirməlidir. Əks halda, prosesin uğursuzluğu və ya tərəflərdən birinin narazılığı müəyyən siyasi və diplomatik çətinliklər yarada bilər. Ümumilikdə Azərbaycan sülhün, dialoqun və qarşıdurmaların diplomatik yollarla həllinin tərəfdarı kimi çıxış etməyə davam etməlidir. Regionun təhlükəsizliyi və sabitliyi bütün dövlətlərin maraqlarına cavab verir və hər bir diplomatik təşəbbüs də məhz bu məqsədə xidmət etməlidir."
Zeynəb Həsən
11:00 23.07.2026
Oxunuş sayı: 47