Yaxın Şərqdə gərginlik artır: ABŞ və İran qarşılıqlı zərbələr endirib
Yaxın Şərqdə gərginlik daha da artıb. ABŞ və İran arasında qarşılıqlı hərbi əməliyyatlar davam edir.
Crossmedia.az xəbər verir ki, "Axios", "Mehr" və digər mənbələr bu barədə məlumat yayıb.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, Amerika qüvvələri İranın hərbi hədəflərinə, o cümlədən dəniz obyektlərinə, raket və pilotsuz uçuş aparatlarının anbarlarına, sahil kəşfiyyat məntəqələrinə və hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib.
"Axios" yazır ki, ABŞ İranla qarşıdurmanın yenidən başlamasından sonra ilk dəfə B-1 Lancer strateji bombardmançı təyyarəsindən istifadə edib. Nəşr bunu Vaşinqtonun hərbi əməliyyatları əhəmiyyətli dərəcədə genişləndirməsinin göstəricisi kimi qiymətləndirir.
"Mehr" agentliyinin məlumatına görə, ABŞ-nin İran-İraq sərhədində yerləşən Şalamçe keçid məntəqəsinə endirdiyi raket zərbəsi nəticəsində iki nəfər həlak olub, daha 11 nəfər yaralanıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə bildirib ki, Hörmüz boğazının minalanmış hissəsindən keçməyə çalışan üç tankerdən biri mina partlayışı nəticəsində yanmağa başlayıb, digər iki tanker isə geri çəkilib.
İran Silahlı Qüvvələri həmçinin ABŞ-nin Küveytdəki hərbi bazalarına hücum etdiyini açıqlayıb. Küveyt ordusu isə hava hücumundan müdafiə qüvvələrinin pilotsuz uçuş aparatlarının hücumunu dəf etdiyini bildirib.
09:41 23.07.2026
Oxunuş sayı: 70