ABŞ kəşfiyyatı Rusiyanın İranın PUA hücumlarına mümkün dəstəyini araşdırır
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) Fars körfəzi regionundakı obyektlərinə İranın pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücumlardan sonra Vaşinqton kəşfiyyat analitikləri Rusiyanın hədəfləmə məlumatları və ya qabaqcıl PUA texnologiyası təqdim edib-etmədiyini araşdırmağa başlayıblar.
Crossmedia.az xəbər verir ki, "Reuters" bu barədə məlumat yayıb.
Agentliyin məlumatına görə, məsələ ilə tanış olan dörd mənbə ABŞ kəşfiyyatının hələlik Rusiyanın hücumlarda iştirakı ilə bağlı qəti nəticəyə gəlmədiyini bildirib. Bununla belə, hücumların yüksək dəqiqliyi və effektivliyi, eləcə də Moskvanın İrana göstərdiyi texniki dəstək mümkün iştirakın əlamətləri kimi qiymətləndirilir.
Bildirilir ki, mart ayında ən azı iki CIA obyekti hücuma məruz qalıb. Onlardan biri ABŞ-nin Ər-Riyaddakı səfirliyində yerləşən CIA rezidenturası, digəri isə İraqın şərqindəki obyekt olub. Mənbələrin sözlərinə görə, daha bir neçə CIA məntəqəsinə də zərbələr endirilib, lakin onların yeri açıqlanmayıb.
"Reuters" yazır ki, Qərb kəşfiyyat orqanlarından birinin hazırladığı daxili məruzədə Rusiyanın CIA obyektlərinin hədəfə alınmasında rol oynadığı ehtimalının yüksək olduğu qeyd edilir.
Körfəz regionundakı iki Qərb rəsmisi isə bildirib ki, Səudiyyə Ərəbistanındakı hücum zamanı Rusiyanın təkmilləşdirdiyi ehtimal olunan "Şahed" tipli iki pilotsuz uçuş aparatından istifadə edilib. Onların sözlərinə görə, ilk PUA səfirliyin xarici divarında dəlik açıb, ikinci aparat isə həmin dəlikdən daxil olaraq partlayıb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Məqalədə vurğulanır ki, Rusiyanın İranla uzunmüddətli hərbi-texniki əməkdaşlığı məlum olsa da, CIA kimi həssas obyektlərin hədəfə alınmasına mümkün dəstək Moskvanın ABŞ-nin regiondakı fəaliyyətini pozmaq istiqamətində daha irəli getməyə hazır olduğunu göstərə bilər.
ABŞ Ağ Evi məsələ ilə bağlı şərh verməyərək sorğunu CIA-ya yönləndirib. CIA isə açıqlama verməkdən imtina edib. İranın BMT-dəki nümayəndəliyi, Rusiya Müdafiə Nazirliyi və Səudiyyə Ərəbistanı hökuməti də "Reuters"in sorğusunu cavabsız qoyub.
09:32 23.07.2026
Oxunuş sayı: 61