Torpaq, su və hava təhlükə saçır – Yüzlərlə kimyəvi maddə tapıldı
Böyük Britaniyada aparılan araşdırma ölkədəki üç qanunsuz tullantı sahəsində insan sağlamlığı və ətraf mühit üçün ciddi təhlükə yaradan yüzlərlə kimyəvi maddənin mövcudluğunu üzə çıxarıb.
Crossmedia.az xəbər verir ki, Sky News altı ay ərzində Oxford Indices alimləri ilə birlikdə Qloster, Viqan və Donkaster yaxınlığındakı Ranskill bölgələrində yerləşən iri qanunsuz tullantı sahələrində hava, su və torpaq nümunələrini analiz edib.
Araşdırma zamanı Qlosterdə yerləşən Over Farm tullantı sahəsində avtomobil egzoz qazları ilə müqayisədə təxminən dörd dəfə çox kimyəvi maddə aşkar olunub. Analizlər burada plastik, təkər, yanacaq, yağ, boya, həlledicilər və digər təhlükəli materialların yanması nəticəsində yaranan maddələrin havaya yayıldığını göstərib.
Ranskill ərazisində isə istehlak məhsullarında istifadəsi uzun illər əvvəl qadağan edilmiş karbon tetraklorid maddəsi müəyyən edilib. Mütəxəssislər bildirirlər ki, bu maddə qaraciyər və böyrəklərə zərər verə, həmçinin xərçəng riskini artıra bilər.
Bundan əlavə, Ranskill və Viqandakı tullantı sahələrində Böyük Britaniyada onilliklərdir istifadəsinə icazə verilməyən pestisidlərin izləri də aşkarlanıb.
Su analizləri də ciddi çirklənməni ortaya qoyub. Tədqiqat zamanı üç ərazidən götürülən nümunələrdə su ekosistemi üçün təhlükəli hesab edilən onlarla kimyəvi maddə müəyyən edilib. Plastik istehsalında istifadə olunan və su canlıları üçün yüksək toksikliyə malik triizopropil fosfat maddəsi isə hər üç ərazidə aşkarlanıb.
Böyük Britaniyanın Ətraf Mühit Agentliyi araşdırmanın nəticələrini diqqətlə öyrəndiyini bildirib.
İmperial Kollecin ətraf mühit toksikologiyası üzrə mütəxəssisi İan Mudvey isə bildirib ki, aşağı dozada olsa belə, uzunmüddətli kimyəvi təsirlər insanların sağlamlığı üçün gözlənilməz fəsadlara səbəb ola bilər. Onun sözlərinə görə, problemin görməzlikdən gəlinməsi düzgün yanaşma deyil və daha geniş monitorinq aparılmalıdır.
03:00 23.07.2026
Oxunuş sayı: 47