“Sauthempton”un baş məşqçisi rəqiblərə casusluqda ittiham olunur
İngiltərənin “Sauthempton” klubunun baş məşqçisi, almaniyalı Tonde Ekkert rəqib komandaların məşqlərini izləməklə bağlı üç casusluq epizodu üzrə ittiham olunub.
Crossmedia.az xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası (FA) bu barədə X sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, baş məşqçi 2025-ci ilin dekabrından 2026-cı ilin mayına qədər “Oksford Yunayted”, “İpsviç Taun” və “Midlsbro” komandalarının məşqlərinin izlənilməsini təşkil edib və ya buna icazə verib.
Bu ilin mayında İngiltərə Futbol Liqasının (EFL) Müstəqil İntizam Komissiyası “Sauthempton”u Çempionşip pley-offunun finalından kənarlaşdırıb. Nəticədə klub İngiltərə Premyer Liqasına yüksəlmək uğrunda mübarizə aparmaq hüququnu itirib.
Qərarın səbəbi rəqib komandaların məşqlərinin icazəsiz şəkildə çəkilməsi ilə bağlı çoxsaylı faktlar olub. EFL klubu iki qaydanın pozulmasında ittiham edib: klublar arasında vicdanlı münasibətləri tələb edən 3.4-cü və oyundan əvvəlki 72 saat ərzində rəqibin məşqlərinin izlənilməsini qadağan edən 127-ci maddə.
Məlumata görə, klub ittihamları qəbul edib. Bundan əlavə, “Sauthempton” 2026/27 mövsümünün Çempionşip yarışına dörd xal silinmiş vəziyyətdə başlayacaq.
17:54 22.07.2026
Oxunuş sayı: 56