Lavrov: Rusiya artıq KXDR-in nüvəsizləşdirilməsi çağırışlarını dəstəkləmir
Rusiya artıq Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvəsiz status alması ilə bağlı çağırışlara qoşulmayacaq.
Crossmedia.az xəbər verir ki, "RIA Novosti" bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Rusiya–ASEAN iclasının yekunlarına dair açıqlamasına istinadən məlumat yayıb.
“Biz artıq Koreya yarımadasının nüvəsizləşdirilməsi ilə bağlı çağırışlara qoşulmuruq”, – deyə Lavrov bildirib.
Nazirin sözlərinə görə, KXDR ətrafında ölkəni cilovlamağa, hətta hərbi əməliyyatlara təhrik etməyə yönəlmiş kifayət qədər aqressiv addımlar atılır.
Bundan əvvəl KXDR Xarici İşlər Nazirliyi ölkənin nüvəsizləşdirilməsi məsələsinin artıq gündəmdə olmadığını bəyan edib. Nazirlik ABŞ və müttəfiqlərinin ittihamlarının Şimali Koreyanın nüvə dövləti statusuna təsir göstərə bilməyəcəyini vurğulayıb.
KXDR həmçinin ABŞ-nin Cənubi Koreya və Yaponiyaya silah tədarükü, eləcə də bu ölkələrin nüvə silahından istifadə ssenarilərini əhatə edən birgə hərbi təlimləri fonunda öz təhlükəsizliyini daha da gücləndirəcəyini bildirib.
16:33 22.07.2026
Oxunuş sayı: 57