KİV: İran hələ də ciddi raket potensialını qoruyur
ABŞ və İsrailin uzunmüddətli zərbələrinə baxmayaraq, İran əhəmiyyətli sayda ballistik raket və pilotsuz uçuş aparatını hələ də qoruyub saxlayır.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Nəşrin yazdığına görə, bunu İordaniyadakı Muvaffaq Salti aviabazasına edilən hücum da təsdiqləyir. Həmin hücum nəticəsində üç amerikalı hərbçi həlak olub.
Analitiklər ehtimal edirlər ki, hücum zamanı İranın müasir "Kheibar Shekan" ballistik raketlərindən istifadə olunub. Bildirilir ki, İranın yeraltı raket kompleksləri intensiv bombardmanlara məruz qalsa da, Tehran infrastrukturun bir hissəsini bərpa etməyə və bəzi bazaları yenidən istifadəyə verməyə nail olub.
Məlumata görə, bu, son beş gün ərzində İordaniyada yerləşən ABŞ qüvvələrinə qarşı dördüncü hücum olub.
Ekspertlər hesab edirlər ki, İran raket ehtiyatlarını tükətməyib və eyni zamanda ABŞ-nin hava hücumundan müdafiə sistemlərini aşmaq qabiliyyətini artırıb.
"The Wall Street Journal" qeyd edir ki, son hücumlar Vaşinqtonun İranın raket proqramının demək olar ki, tamamilə məhv edildiyi barədə əvvəlki bəyanatlarını da şübhə altına alır. Mütəxəssislərin fikrincə, Tehran uzun illər davamlı qarşıdurmaya hesablanmış hərbi infrastruktur yaradıb və atəşkəs dövründə zədələnmiş obyektlərin bərpasını fəal şəkildə davam etdirib.
15:27 22.07.2026
Oxunuş sayı: 50