ABŞ Venesuela neftinin satışından 13 milyard dollar qazanıb
ABŞ Prezidenti Donald Trampın administrasiyası bu ilin əvvəlindən Venesuela neftinin satışından 13 milyard dollardan çox gəlir əldə etsə də, həmin vəsaitin hara yönəldildiyi barədə demək olar ki, heç bir məlumat açıqlamır.
Crossmedia.az xəbər verir ki, "Financial Times" bu barədə məlumat yayıb.
Nəşrin yazdığına görə, yanvarda Venesuelada hakimiyyət dəyişikliyindən sonra ABŞ ölkənin neft ixracına nəzarəti ələ alıb və sanksiyaların bir hissəsini yumşaldıb. Gözləntilərə əsasən, artan neft gəlirləri Venesuela iqtisadiyyatının bərpasına kömək etməli idi. Lakin altı ay keçməsinə baxmayaraq, ölkədə nəzərəçarpacaq iqtisadi irəliləyiş qeydə alınmayıb.
İqtisadçılar hesab edirlər ki, Vaşinqton əldə olunan gəlirin böyük hissəsini Karakasa köçürməyib.
Məqalədə qeyd olunur ki, ABŞ rəsmilərinin bu məsələ ilə bağlı açıqlamaları bir-birinə ziddir. Yanvar fərmanında bildirilirdi ki, vəsait Venesuela adından müvəqqəti saxlanılır. Lakin sonradan Donald Tramp ABŞ-nin Venesuela neftindən “çox böyük gəlir əldə etdiyini” bəyan edib.
ABŞ Konqresinin hər iki partiyasından olan qanunvericilər administrasiyadan bu vəsaitlərin taleyi ilə bağlı hesabat tələb edirlər. "Financial Times" hesablamalarına görə, yanvardan bəri neft ixracından əldə olunan gəlir 13 milyard dolları ötüb. Halbuki Venesuela rəsmi olaraq yalnız mart ayında köçürülən 300 milyon dollar alıb.
İyun ayında ölkədə baş verən dağıdıcı zəlzələlərdən sonra bu vəsaitlərin istifadəsi məsələsi daha da aktuallaşıb. BMT infrastrukturun bərpası üçün ziyanın təxminən 37 milyard dollar olduğunu qiymətləndirib.
ABŞ Dövlət Departamenti isə aprel ayında Venesuelaya artıq təxminən 3 milyard dollar köçürüldüyünü, qalan vəsaitin isə ABŞ-nin nəzarətində saxlanıldığını açıqlayıb. Departament rəsmisi Maykl Kozak bildirib ki, həmin pullar yalnız Vaşinqtonun icazəsi ilə istifadə oluna bilər.
İqtisadçılar qeyd edirlər ki, neft gəlirlərinin artmasına baxmayaraq, Venesuela iqtisadiyyatı ilin birinci rübündə cəmi 2,5 faiz böyüyüb ki, bu da son beş ilin ən zəif göstəricisidir. Onların fikrincə, bunun əsas səbəbi neft satışından əldə olunan vəsaitlərin böyük hissəsinin ölkəyə daxil olmamasıdır.
ABŞ eyni zamanda zəlzələnin nəticələrinin aradan qaldırılması üçün 386 milyon dollar ayırdığını və neft gəlirlərinin bir hissəsinin Venesuelanın bərpasına yönəldiləcəyini açıqlasa da, bu məqsədlə ayrılacaq konkret məbləğ hələ də açıqlanmayıb.
15:43 22.07.2026
Oxunuş sayı: 48